Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
Moskva, 1 oktyabr, AZƏRTAC
Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət tədricən yaxşılığa doğru dəyişəcək.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun XXIII illik iclasının plenar sessiyasında çıxışı zamanı deyib.
O, “Gələcəyə görə məsuliyyət: mümkün olanın hədləri və ya sərhədsiz imkanlar” mövzusunda keçirilən plenar sessiyada iştirak edir. İclasda siyasət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələr üzrə Rusiyadan və xarici ölkələrdən olan ekspertlər iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, Rusiya lideri beynəlxalq arenada mövcud olan narahatedici tendensiyaların, ilk növbədə qlobal sülh və təhlükəsizliyi elə indidən necə qoruyub saxlamaq barədə düşünməyə vadar etdiyini bildirib.
Onun sözlərinə görə, bu gün dünya siyasətində “ağıla gələn və gəlməyən bütün tabular” pozulur, beynəlxalq hüququn əvvəlki normalarının bir çoxu kənara atılıb, yeniləri isə hələ yaranmayıb.
“Güc var, ağıl lazım deyil” prinsipi bir sıra ölkələr üçün, görünür, əsas prinsipə çevrilib, lakin bu, yaxşı heç nəyə gətirib çıxarmır”, – deyə V.Putin bildirib.
O qeyd edib ki, yaxın vaxtlarda beynəlxalq münaqişələrin davam etməsi ehtimalı kifayət qədər yüksəkdir. Onun fikrincə, fəlakətli ssenarilərin qarşısını almaq və bəşəriyyətin məhv olmaq təhlükəsi ilə üz-üzə qalmasına yol verməmək üçün praktiki tədbirlər görülməlidir.
Rusiya lideri vurğulayıb ki, dünya inkişafının həlledici dönüş nöqtəsinə yaxınlaşıb və baş verən dəyişikliklər siyasət çərçivəsindən xeyli kənara çıxır. Onun qiymətləndirməsinə görə, artıq baş vermiş və baş verəcək dəyişikliklərin miqyası olduqca böyükdür.
V.Putin hesab edir ki, bütün ölkələr gec-tez yeni dünya düzəninin prinsipləri barədə razılığa gəlməli olacaqlar və ümumi gələcək naminə məsuliyyət mücərrəd şüar olaraq qalmamalıdır.
BMT-nin fəaliyyətindən danışan Rusiya Prezidenti bildirib ki, onun qiymətləndirməsinə görə, Qərb ölkələri təşkilatda qeyri-mütənasib böyük təsirə malikdir və bu da disbalansa gətirib çıxarır. Onun sözlərinə görə, Moskva təşkilatın ədalətli islahatının tərəfdarıdır, lakin bunun üçün konsensus tələb olunur və mövcud şəraitdə belə razılığın əldə edilməsi çətindir.
V.Putin süni intellektin inkişafına da ayrıca toxunub. O hesab edir ki, dünya hələ süni intellektlə birgə yaşamağı öyrənməlidir. Ekspertlər isə yeni texnologiyaların yayılması nəticəsində insanların bir fərd kimi dəyərini itirmə riskinə getdikcə daha çox diqqət çəkirlər: “Belə rəqəmsal totalitarizm keçmişdə bizə məlum olan totalitar cəmiyyət nümunələri kimi dalana dirənmiş, qaranlıq və antihumanist olacaq”.