Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Bakı, 1 oktyabr, AZƏRTAC
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Su İdmanı Sarayında təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə idmanın Prezident İlham Əliyev tərəfindən dövlət siyasəti kimi müəyyənləşdirildiyini bildirib.
Onun sözlərinə görə, bu siyasətin nəticəsidir ki, ölkəmizdə hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur.
Nazir, həmçinin beynəlxalq quruma və təşkilatçılara minnətdarlığını bildirib.
Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev Dünya Kubokunun Azərbaycan idmanı üçün tarixi hadisə olduğunu söyləyib. O qeyd edib ki, 44 ölkədən 200-dən çox idmançının Bakıda bir araya gəlməyi ölkəmizə göstərilən dəstəyin təzahürüdür.
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edib. O vurğulayıb ki, bu standartda böyük bir idman yarışını ərsəyə gətirmək böyük fədakarlıq və zəhmət tələb edir.
Onun sözlərinə görə, Dünya Kuboku hər zaman dünya miqyasında ən güclü idmançıların öz ustalıqlarını göstərmələri üçün möhtəşəm platforma olub.
Federasiya rəhbəri Bakı şəhərinin və Azərbaycanın ətraf mühitin mühafizəsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə xüsusi mükafata layiq görüldüyünü elan edib: “Ətraf mühitin qorunması istiqamətində göstərdiyi uzunmüddətli səylərə görə Bakı şəhərinin və Azərbaycanın Dünya Akvatika Fondunun Ekoloji Mükafatına (World Aquatics Foundation Environmental Award) layiq görüldüyünü elan etməkdən böyük şərəf duyuram”.
Daha sonra Hüseyn Əl-Müsəlləm mükafatı Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılova və Dünya Akvatika Fondunun prezidenti Deyl Nöubergerə təqdim edib.
Rəsmi çıxışlardan sonra Dövlət Himni səsləndirilib. Bununla da Dünya Kuboku açıq elan olunub. Tədbir bədii hissə ilə davam edib. Mərasimdə musiqili şoular nümayiş olunub.
Turnirdə 44 ölkədən ümumilikdə 216 üzgüçü mübarizə aparır.
Azərbaycanı yarışda 15 idmançı təmsil edir. Bunlar Ramil Vəlizadə, Abdurrəhman Rüstəmov, Səid Həmidov, Süleyman İsmayılzadə, Oqtay Hüseynov, Fərhad Şirməmmədli, Ramal Sadiqli, Amin Oruclu, Fatimə Alkərəmova, Məryəm Cavadova, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Mehri Abdurəhmanlı, Vlastilina Xasyanova və Yeqor Maynitskidir.
Qeyd edək ki, Dünya Kubokunun Bakı mərhələsinə oktyabrın 3-də yekun vurulacaq.