Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma
Brüssel, 1 oktyabr, AZƏRTAC
Belçikada xarici tələbələrin iqtisadi töhfəsi ilə bağlı araşdırma açıqlanıb.
AZƏRTAC xəbər verir ki, araşdırmaya əsasən, əcnəbi tələbələr ölkə iqtisadiyyatına təhsil aldıqları müddətdə və məzun olduqdan sonra maliyyə töhfəsi verirlər. KU Leuven Universitetinin professoru Kristof De Vitte bildirib ki, tələbələr təhsil haqqı ödəyir, yaşayış, ərzaq, nəqliyyat və digər xidmətlərə pul xərcləyirlər. Onların ölkədə qalıb işləməsi və vergi, sosial sığorta ödənişləri etməsi iqtisadi faydanı uzun illər davam etdirə bilər. 2020-ci ildə aparılmış araşdırmaya görə, xarici tələbələrin birbaşa iqtisadi faydası xərcləri 2,6-3,3 dəfə üstələyib. Tədqiqatçılar onların Belçika iqtisadiyyatına 3,072-4,408 milyard avro töhfə verdiyini hesablayıblar. Bununla yanaşı, əlavə tələbələrin yaşayış, infrastruktur və təhsil proqramları üzərində təzyiq yarada biləcəyi qeyd olunur.
OECD məlumatlarına görə, Belçikadakı əcnəbi tələbələrin sayı 2019-cu ildəki 52100 nəfərdən 2023-cü ildə təxminən 57 minə yüksəlib. Araşdırmada məzunların ölkədə qalmasını asanlaşdıran viza və iş icazəsi prosedurlarının iqtisadi faydanı artıra biləcəyi vurğulanır. Tələbələrin əmək bazarına keçidini dəstəkləyən təcrübə proqramları, işəgötürənlərlə əlaqələndirmə, karyera məsləhətləri və dil maneələrinin azaldılması da tövsiyə olunur. Eyni zamanda, təhsil haqlarının artmasının xarici tələbələr üçün universitet seçimini çətinləşdirə biləcəyi bildirilir.