“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərən və fiziki şəxs Eltun Ceyhun oğlu Mirzəyevə məxsus olan “Qızıl Saray” şadlıq sarayında plandankənar yoxlama keçiriblər.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib.
Belə ki, müəssisədə istifadə edilən ətlərin müşayiətedici sənədlərinin olmadığı və istehlaka yararsız vəziyyətdə olduğu aşkarlanıb. Həmçinin digər nöqsanlar müəyyən edilib.
Aşkarlanmış nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub. İstehlaka təqdim edilən ətlərdən nümunələr götürülərək müayinələrin aparılması məqsədilə laboratoriyaya təqdim olunub. Həmin məhsulların dövriyyəsi qadağan edilib, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.