Ahılların asudə vaxtlarının səmərəli təşkili məqsədilə gəzintilər təşkil olunub
Bakı, 1 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən evdə (səyyar) sosial xidmət göstərilən ahılların asudə vaxtının səmərəli təşkili üçün müxtəlif rayonlarda gəzintilər təşkil edilib.
Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib.
Bildirilib ki, agentliyin Lənkəran-Astara və Şirvan-Salyan regional filialları tərəfindən təşkil edilən tədbirlərdə ümumilikdə 30-a yaxın ahıl şəxs iştirak edib.
1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə təşkil olunan gəzintilər zamanı ahılların istirahət etmələri və xoş vaxt keçirmələri üçün park və istirahət məkanlarında müxtəlif fəaliyyətlər həyata keçirilib. Ahıllar təbiətdə vaxt keçirib, səmimi söhbətlər ediblər, şahmat və digər stolüstü oyunlar oynayıblar.
Qeyd edək ki, ahılların cəmiyyətə inteqrasiyasının və fəal həyat tərzinin dəstəklənməsi məqsədilə bu cür tədbirlər mütəmadi olaraq keçirilir.