ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH
Bakı, 1 oktyabr, AZƏRTAC
Bu günlərdə Bakıda keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ölkəmizin qlobal hərbi-sənaye xəritəsindəki mövqeyini daha da möhkəmləndirən mühüm strateji platformadır. Dünyanın aparıcı müdafiə şirkətlərinin, rəsmi nümayəndə heyətlərinin və sahə mütəxəssislərinin bir araya gəldiyi bu tədbir ölkənin yalnız müasir texnologiyaların alıcısı deyil, həm də yüksəktexnoloji həllər təqdim edən etibarlı tərəfdaş və istehsalçı kimi tanınmasını təmin edir. Sərgi çərçivəsində nümayiş etdirilən eksponatlar və keçirilən görüşlər Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirməyə bilavasitə zəmin yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Onun sözlərinə görə, bu platforma yerli müdafiə sənayesinin innovativ inkişaf tempini və transfer texnologiyalarına inteqrasiya imkanlarını aydın şəkildə nümayiş etdirir. Beynəlxalq təcrübə mübadiləsi, birgə istehsal layihələrinin müzakirəsi və yeni müqavilələrin imzalanması milli sənaye potensialının şaxələndirilməsinə xidmət edir. Beləliklə, keçirilən sərgi Azərbaycanın hərbi sahədəki müstəqilliyini nümayiş etdirməklə yanaşı, ölkənin geostrateji imicini və ixrac imkanlarını yeni səviyyəyə qaldırır.
“Sərginin regionda hərbi-sənaye kompleksinin inkişaf səviyyəsini və müqavilələrin bağlanması üçün strateji platforma rolunu əks etdirməsi ilə yanaşı, müdafiə sənayesində satınalma qərarları yalnız məhsulun özünün deyil, həm də uzunmüddətli tərəfdaşlığın, texniki xidmətin, kadr hazırlığının və tədarük zəmanətinin seçilməsi deməkdir. Bakının belə bir danışıqlar mərkəzinə çevrilməsi Azərbaycanın regionda formalaşdırdığı sənaye və hərbi nüfuzunun birbaşa nəticəsidir", - deyə deputat diqqətə çatdırıb.
K.Bayramov qeyd edib ki, 2005-ci il dekabrın 16-da Müdafiə Sənayesi Nazirliyinin yaradılması hazırkı strateji üstünlüyün təməlini qoyub. Qlobal silah bazarının sabit olduğu və hazır məhsulların idxalının daha ucuz və asan göründüyü bir dövrdə yerli istehsalın qurulması uzunmüddətli strateji uzaqgörənlik tələb edirdi. Hazırda bir çox dövlətlər sanksiyalar, bazarın daralması və tədarük zəncirindəki ləngimələr səbəbindən analoji sənaye sahələrini sıfırdan qurmağa məcbur olurlar. Azərbaycan isə bu prosesə iki onillik əvvəl başlamaqla zaman üstünlüyü qazanmış, mühəndis kadrlarının hazırlanması, texnologiyaların mənimsənilməsi və seriyalı istehsalın təşkili mərhələlərini tam geridə qoyub.
“Hazırda milli hərbi-sənaye kompleksi 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edir. Bu göstərici yalnız məhsul çeşidini deyil, həm də sənaye bazasının dərinliyini, konstruksiya, metal emalı, elektronika və keyfiyyətə nəzarət zəncirinin tam fəaliyyət göstərdiyini sübut edir. Atıcı silahlar və döyüş sursatları ilə yanaşı, pilotsuz uçuş aparatları, zərbə dronları, robotlaşdırılmış və dəniz sistemlərinin istehsalı texnoloji inkişafın müasir tələblərə uyğunlaşdırıldığını göstərir. 2023-cü ildə "Azərsilah" Holdinqinin yaradılması isə sahənin dövlət inzibatçılıq mərhələsindən korporativ idarəetmə və beynəlxalq bazarlara daha çevik inteqrasiya modelinə keçidini təmin edib", - deyə deputat əlavə edib.
O vurğulayıb ki, Azərbaycan istehsalı olan hərbi məhsulların əsas rəqabət üstünlüyü onların poliqon sınaqları ilə məhdudlaşmayıb Vətən müharibəsində real döyüş şəraitində sınaqdan çıxmasıdır. Döyüş əməliyyatları zamanı toplanmış məlumatlar silah və texnikanın təkmilləşdirilməsinə, çatışmazlıqların aradan qaldırılmasına və daha səmərəli yeni nümunələrin yaradılmasına imkan verib. Bu amil Azərbaycanın hərbi məhsullarının beynəlxalq eksport potensialını və etibarlılığını əhəmiyyətli dərəcədə artırır.