ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib
Bakı, 1 oktyabr, AZƏRTAC
Əqli və autizm spektr pozuntuları olan yetkin şəxslərin dəstəklənməsinə yönəlmiş inklüziv layihələr həyata keçirən Azərbaycanın “Humayun” qeyri-hökumət təşkilatı ABŞ-nin Nyu-York ştatının Kopeyk şəhərində yerləşən Kemphill icmasının administrasiyası ilə uzunmüddətli əməkdaşlıq qurub. Bu əməkdaşlıq xüsusi qayğıya ehtiyacı olan insanlarla işləmək sahəsində praktiki təcrübə əldə etmək istəyən azərbaycanlı tələbələr üçün könüllülük imkanları yaradıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın “Humayun” qeyri-hökumət təşkilatına dəstək məqsədilə Kemphill icmasının “Fountain Hall” zalında Cefri və Cozef Verbokların çıxışı olub. Amerikalı musiqiçilər ənənəvi musiqi alətlərində – tarda, kamançada və qavalda kompozisiyalar ifa ediblər. Çıxış zamanı Azərbaycanın tarixi xalçalarının və Şuşa qalasının mənzərələrinin əks olunduğu vizual proyeksiya nümayiş etdirilib. Zaldakı tamaşaçılar arasında icmanın sakinləri və əməkdaşları, həmçinin Azərbaycan diasporunun nümayəndələri olub.
“Humayun” QHT-nin sədri Firəngiz Hüseynova AZƏRTAC-ın müxbiri ilə söhbətində Kemphill icmasının Kopeyk şəhər administrasiyası ilə əməkdaşlıq yaratmaq ideyasının necə yarandığından danışıb.
“ABŞ-nin Nyu-York ştatının ən gözəl bölgələrindən birində yerləşən Kopeyk sosial kəndi ilə bizi ABŞ-də gördüyü işin xarakterinə uyğun olaraq bu yaşayış məntəqəsinin sakinlərini müayinə edən doktor Zarema Yagizarova tanış etdi. Mərkəzin əməkdaşları himayəsində olan şəxsləri səmimi şəkildə “villagerlər” adlandırırlar.
Bakıdakı gündüz mərkəzimizə könüllülər, əsasən qeyri-adi işimizlə maraqlanan tələbələr və ya yuxarı sinif şagirdləri gəlməyə başladılar. Biz könüllülərə Kopeyk kəndində işləmək imkanı barədə danışdıq. İngilis dilini bilən və işin mahiyyətini yaxşı anlayan bəzi gənclər Kemphill administrasiyası ilə müsahibədən keçərək tələbə vizası ilə ABŞ-yə daxil olmaq hüququ əldə etdilər. Könüllülərimiz bu yay Kemphilldə uğurla çalışdılar. Administrasiya soydaşlarımızın “villagerlərə” səmimi münasibətindən razı qaldı və əməkdaşlığımızı davam etdirməyi təklif etdi. Bizim tərəfimizdən icma sakinlərinə qulluq etmək üçün könüllülər hazırlanır. Kemphill tərəfindən isə nəzəri və praktiki biliklərə dair onlayn təlim keçirilir. Bu, çox maraqlı tərəfdaşlıqdır, belə ki, Kopeykin bu sahədə iş təcrübəsi 60 ilə çatır, bizdə isə bu cür fəaliyyət sahəsi yeni formalaşmağa başlayır”, – deyə o qeyd edib.
Dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən Kemphill icmalarının fəal cəmiyyəti həm qısamüddətli, həm də uzunmüddətli könüllülərin köməyinə əsaslanır. Bu gün Kopeyk icmasında Azərbaycandan olan tələbə-könüllülər ABŞ, Braziliya, Çin, Almaniya, Hindistan, İsrail və Meksikadan olan gənclərlə birlikdə çalışaraq inklüziya prinsiplərini öyrənir və başqalarına yardım etməyin insanın həyatını dəyişə biləcək təcrübə qazandırdığını dərk edirlər.
Müsahibimizin fikrincə, azərbaycanlı tələbə-könüllülərin digər ölkələrdən olan gənclərlə birlikdə bu cür layihələrdə çalışması çox faydalı və maraqlıdır: “Onlar özləri ilə təcrübə gətirirlər. Mərkəzimiz, həmçinin müalicəvi pedaqogika və Valdorf təhsili üzrə mütəxəssis Sonya Tsauçu dəvət edərək onun “İnsanın on iki duyğu orqanı” mövzusunda mühazirə və ustad dərsi keçirməsini təşkil etdi. Biz bilirik ki, cəmi beş duyğu orqanı var, lakin müalicəvi pedaqogikanın müəllifləri insan şüurunun daha dərin qatlarına gedərək onların beşdən daha çox olduğunu aşkar ediblər...”
F.Hüseynova xüsusi qayğıya ehtiyacı olan və sağlamlıq imkanları məhdud insanlar üçün Azərbaycan muğamının səsləndirilməsinin əhəmiyyətini vurğulayıb.
“Kemphill icmalarında mütəmadi olaraq kiçik orkestrlər fəaliyyət göstərir. Məsələn, Kopeykdə xüsusi alətlərdən – metal ərintisindən hazırlanmış zənglərdən istifadə edən orkestr fəaliyyət göstərir. Beləliklə, bütün “villagerlər” orkestrdə ifa edir və hər birinin öz notuna uyğun zəngi var. Cefri Verbok və onun 14 yaşlı oğlu Cozefin ifa etdiyi alətləri görəndə, onların marağına heyran olmamaq mümkün deyildi. Onlar mürəkkəb muğam musiqisinə necə diqqətlə qulaq asır, maraqlarını nə qədər uzun müddət qoruyur, ifadan sonra çox sual verirdilər. Cefri heyranlığını belə ifadə edirdi: “Mən uzun illərdir belə auditoriya gözləyirdim. Burada necə də unikal dinləyicilər toplaşıb”.
Yeri gəlmişkən, Cozefdə autizm spektr pozuntusunun bəzi xüsusiyyətləri var. Lakin bu, onun musiqiçi olmasına və atası tərəfindən məxsusi hazırlanmış xüsusi akustik gitarada ifa etməsinə mane olmayıb”, – deyə müsahibimiz əlavə edib.
Müəllif – Anara Axundova