Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan üçün regionların sosial-iqtisadi inkişafı iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Ölkənin müxtəlif bölgələrində sənaye, kənd təsərrüfatı, turizm, logistika və digər sahələrə investisiyaların yönəldilməsi regionların iqtisadi potensialından daha geniş istifadə olunmasına imkan yaradır. Bunun üçün dövlət proqramları hazırlanaraq həyata keçirilib. Bu proqramların nəticəsində regionlara sərmayə qoyuluşları daha səmərəli xarakter almağa başlayıb. Bu baxımdan işğaldan azad edilmiş Qarabağda iş adamları və biznes strukturları üçün yaradılan şəraiti göstərmək olar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında professor Çingiz Axundov deyib. O bildirib ki, regionlarda sənaye parklarının, aqroparkların, turizm obyektlərinin, yol və logistika infrastrukturunun inkişaf etdirilməsi investisiya fəallığının artırılmasına xidmət edir. Eyni zamanda, kiçik və orta sahibkarlığın dəstəklənməsi regionlarda iqtisadi fəaliyyətin şaxələndirilməsi baxımından əhəmiyyətlidir.
“Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatların nəticəsi olaraq hazırlanan və həyata keçirilən, regionların sosial-iqtisadi inkişafını əhatə edən dövlət proqramları yuxarıda sadalanan məsələlərin həllinə imkan verib. Buna görə də Azərbaycanın regionları sərmayə qoyuluşları üçün əlverişlidir. Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 10 milyard dollar həcmində investisiya sənədlər imzalanıb. Bu investisiyaların arasında regionları əhatə edən layihələr də var.
Regional inkişafın əsas şərtlərindən biri müasir infrastrukturun mövcudluğudur. Yol, su, enerji, rabitə, internet və logistika infrastrukturu kifayət qədər inkişaf etmədikdə investisiya layihələrinin səmərəliliyi də aşağı düşə bilər”, - deyə o qeyd edib.
Çingiz Axundov deyib ki, infrastruktur layihələrinə yatırılan investisiyalar regionların nəqliyyat və kommunikasiya imkanlarını genişləndirir, məhsulların bazarlara çıxarılmasını asanlaşdırır və biznes xərclərinin azalmasına kömək edir. Eyni zamanda, yeni infrastruktur obyektləri regionun investisiya cəlbediciliyini artıraraq əlavə özəl kapitalın cəlb olunmasına şərait yarada bilər: “Regionların uzunmüddətli inkişafı yalnız fiziki kapitaldan deyil, insan kapitalından da asılıdır. Təhsil, peşə hazırlığı, səhiyyə və sosial xidmətlərə yönəldilən investisiyalar əhalinin həyat keyfiyyətinin yüksəlməsinə və əmək məhsuldarlığının artmasına imkan verir.
Məsələn, regionlarda peşə təhsili müəssisələrinin və təlim mərkəzlərinin inkişaf etdirilməsi əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasına kömək edir. Bu isə yeni yaradılan müəssisələrin ixtisaslı işçi qüvvəsi ilə təmin olunmasını asanlaşdırır. Beləliklə, investisiya fiziki obyektlərin yaradılması ilə yanaşı, insan potensialının gücləndirilməsinə də xidmət edir”.
O bildirib ki, xarici investisiyalar regionların inkişafında əlavə maliyyə mənbəyi olmaqla yanaşı, yeni texnologiyaların, idarəetmə təcrübəsinin və beynəlxalq biznes standartlarının tətbiqinə imkan yarada bilər: “Xarici investorların regionlara marağının artması yerli müəssisələrin də beynəlxalq dəyər zəncirlərinə inteqrasiyasını sürətləndirə bilər. Bununla belə, xarici investisiyaların cəlb edilməsi üçün əlverişli biznes mühiti, hüquqi sabitlik, inkişaf etmiş infrastruktur və şəffaf idarəetmə mexanizmləri mühüm əhəmiyyət daşıyır”.