Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH
Bakı, 1 oktyabr, AZƏRTAC
Dünya ötən əsrin siyasi, iqtisadi və hərbi institutlarının tədricən tərk edildiyi, yeni reallıqların formalaşdığı mürəkkəb transformasiya mərhələsindən keçərək fərqli bir konfiqurasiyaya doğru irəliləyir. Belə bir şəraitdə milli dövlətlər üçün hərbi əməkdaşlığı da ehtiva edən regional təşkilatlanmaların əhəmiyyəti artır. Prezident İlham Əliyev hərbi əməkdaşlığın strateji əhəmiyyətinə diqqət çəkərək Qəbələ Zirvə görüşündə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin birgə hərbi təlimlərinin keçirilməsini təklif etmişdi. Bu təşəbbüsün nəticəsi olaraq Azərbaycanın ev sahibliyi ilə Türkiyə və Özbəkistan silahlı qüvvələrinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirilib. Bu mənada güclü orduya malik olmaq yeni geosiyasi reallıqların şərtləndirdiyi zərurətə çevrilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Orxan Vəliyev deyib.
“Bununla belə, müasir dövrdə hərb sənətini radikal şəkildə dəyişdirən texnoloji yenilikləri də nəzərdən qaçırmaq olmaz. Məsələn, İkinci Qarabağ müharibəsi hərb tarixində robotlaşdırılmış sistemlərin və pilotsuz silahların geniş tətbiqi baxımından mühüm mərhələ kimi qiymətləndirilir. Bu isə göstərir ki, güclü ordu yalnız şəxsi heyətin sayı və silah ehtiyatı ilə ölçülə bilməz. Daha doğrusu, texnoloji yenilikləri özündə birləşdirən inkişaf etmiş hərbi sənayenin mövcudluğu da müasir müdafiə qabiliyyətinin əsas komponentlərindən biridir.
Prezident İlham Əliyev tarixi hərbi-siyasi Zəfərdən qısa müddət sonra verdiyi müsahibələrdən birində Azərbaycan Silahlı Qüvvələrinin Türk ordusu modelinə uyğun yeniləndiyini bildirmişdi. Bu istiqamətdə Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra hərbi əməkdaşlıqlarını inkişaf etdirməklə yanaşı, milli müdafiə sənayesi brendinin formalaşdırılması və inkişafı məqsədilə “Azərsilah” Müdafiə Sənayesi Holdinqini təsis etdi. Bununla yanaşı, beynəlxalq şirkətlərlə əldə olunan anlaşmalarda birgə istehsal, texnoloji yeniliklərin mənimsənilməsi və qarşılıqlı əməkdaşlıq məsələləri də nəzərə alınır. Yəni silah tədarük edilən ölkələrlə imzalanan sənədlər çərçivəsində birgə istehsal təcrübəsinin əldə edilməsi Azərbaycan müdafiə sənayesinin inkişafına əlavə imkanlar yaradır. Bu siyasətin nəticələrindən biri də Türkiyənin “Baykar” şirkəti ilə imzalanan sənəd əsasında yerli texnologiyaların hazırlanması və istehsalı istiqamətində fəaliyyətlərin həyata keçirilməsidir. Beləliklə, Azərbaycan tarixi Zəfər qazanmasına baxmayaraq, ölkədə və regionda sülhün davamlı şəkildə bərqərar olması üçün güclü ordu və inkişaf etmiş müdafiə sənayesinin əhəmiyyətini vaxtında və düzgün dəyərləndirib. Azərbaycan Ordusunun və hərbi sənayesinin inkişafı regionda sülhün və əmin-amanlığın təmin olunmasında mühüm rol oynaya bilər. Bu baxımdan sentyabrın 30-dan etibarən Prezident İlham Əliyevin iştirakı ilə artıq altıncı dəfə keçirilən və ciddi beynəlxalq maraq doğuran Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin (ADEX) strateji əhəmiyyətinə diqqət yetirmək zəruridir”, - deyə Orxan Vəliyev bildirib.
O qeyd edib ki, iştirakçı sayına görə rekord göstəriciyə çatan builki sərgidə 30 ölkədən 280 şirkət iştirak edir. Ənənəvi olaraq Türkiyə sərgidə ən geniş təmsilçiliklə seçilir. Bununla yanaşı, ABŞ-nin sərgidə fəal iştirakı da xüsusi qeyd edilməlidir. Belə ki, ABŞ mərkəzli “Northrop Grumman” şirkəti sərgidə ölkə tərəfdaşı sponsor qismində çıxış edir. Digər mühüm yenilik isə Şuşa Bəyannaməsi ilə münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldilən Türkiyə şirkətləri ilə dəyəri 500 milyon ABŞ dollarından artıq anlaşmaların imzalanmasıdır.
“Türkiyə şirkətləri ilə imzalanan anlaşmalar Azərbaycan müdafiə sənayesinin yeni texnoloji istiqamətlər üzrə istehsal imkanlarının və qabiliyyətlərinin inkişafına töhfə verəcək. Bu əməkdaşlığın davamı olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Türkiyənin Müdafiə Sənayesi Nazirliyi və Ali Təhsil Şurası tərəfindən müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandum müvafiq sahə üzrə birgə təhsil proqramlarının həyata keçirilməsi, mütəxəssis hazırlığı, akademik mübadilə, tələbələrin müdafiə sənayesində təcrübə qazanması, elmi-tədqiqat və texnologiya layihələrində əməkdaşlıq, həmçinin texnoparklar arasında əlaqələrin inkişafı kimi strateji istiqamətləri əhatə edir”, - deyə O.Vəliyev vurğulayıb.
Mütəxəssisin fikrincə, sərgidə diqqət çəkən məsələlərdən biri də universitetlərin prosesə cəlb edilməsidir. Bu təşəbbüs universitetlərlə müdafiə sənayesi arasında əməkdaşlığın genişləndirilməsinə imkan yaradır. Departament müdiri xatırladıb ki, altı dövlət universitetinin yer aldığı “Cabahcity” laboratoriya mərkəzi məhz Prezident İlham Əliyev tərəfindən açılıb. Universitetlərin texnoloji istehsal prosesinə cəlb edilməsi yerli istehsal brendinin inkişafı və davamlılığı baxımından strateji əhəmiyyət daşıyır. Beləliklə, ADEX qlobal müdafiə sənayesi platforması kimi inkişafını davam etdirir. Sərginin yaratdığı imkanlar Azərbaycan müdafiə sənayesinin “Made in Azerbaijan” brendinin beynəlxalq səviyyədə tanınmasına və yeni ixrac imkanlarının formalaşmasına şərait yaradır.