Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
Bakı, 1 oktyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş prioritet istiqamətlərə uyğun olaraq regionlarda maarifləndirici tədbirlər davam etdirilir.
KTN-dən AZƏRTAC-a bildirilib ki, tədbirlərin keçirilməsində əsas məqsəd Dövlət Proqramının təsdiq edilməsi ilə müəyyənləşdirilmiş prioritet istiqamətlərə uyğun olaraq aqrar elm və təhsilin inkişafına dəstək göstərilməsi, insan kapitalının gücləndirilməsi, fermerlərin və aqrar sahədə fəaliyyət göstərən digər iştirakçıların bilik və bacarıqlarının artırılması, informasiya-məsləhət xidmətlərinin təkmilləşdirilməsi və innovasiyaların kənd təsərrüfatında tətbiqinin genişləndirilməsidir.
Bu çərçivədə növbəti maarifləndirici təlim və sahə görüşləri Sabirabad, Ağstafa, Tərtər, Tovuz, Şəki, Biləsuvar, Ağdam, Lənkəran və Zaqatala rayonlarını əhatə edib. Keçirilən tədbirlərdə fermerlər, tələbələr, sahibkarlıq subyektlərinin nümayəndələri, aqrar sahədə çalışan mütəxəssislər və kənd təsərrüfatına maraq göstərən digər şəxslər iştirak ediblər.
Maarifləndirici təlim və sahə görüşləri zamanı iştirakçılara kənd təsərrüfatında müasir və səmərəli istehsal yanaşmaları, torpaq və su ehtiyatlarından düzgün istifadə, bitkiçilik və heyvandarlıq sahələrində qabaqcıl aqrotexniki üsullar, məhsulların yetişdirilməsi, yığılması, daşınması və saxlanması, kənd təsərrüfatı texnikalarından səmərəli istifadə və onların qorunması, bitki mühafizəsi, süd istehsalında gigiyena və keyfiyyətin təmin edilməsi, pambıqçılıq və digər istiqamətlər üzrə praktiki və nəzəri məlumatlar təqdim olunub. Eyni zamanda aqrar sektorda istehsal və biznesyönümlü fiziki və rəqəmsal təhsil imkanlarının genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və müasir biliklərin təsərrüfatlarda istifadəsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Aqrar Təlim Mərkəzinin regionlarda keçirdiyi bu cür tədbirlər aqrar sahədə çalışanların müasir biliklərə çıxışının genişləndirilməsinə, qabaqcıl kənd təsərrüfatı təcrübələrinin öyrənilməsinə və tətbiqinə, innovasiyaların yayılmasına, eləcə də fermerlərin istehsal və idarəetmə bacarıqlarının gücləndirilməsinə xidmət edir. Maarifləndirici tədbirlərin müxtəlif regionlarda davam etdirilməsi kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə, aqrar sahədə insan kapitalının inkişafına və müasir yanaşmaların daha geniş tətbiqinə imkan yaradır.