BDU-da Vətən müharibəsi qaziləri ilə görüş
Bakı, 1 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində müharibə veteranları – polkovniklər İlkin Məhərrəmov, Şaiq Məmmədov və mayor Rasim İbrahimovla görüş keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Universitetin “Zəfər tarixi” lektoriyasında keçirilən tədbirin moderatoru – BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, Birinci Qarabağ müharibəsinin veteranı Knyaz Aslan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin şücaəti sayəsində qazandığımız parlaq qələbədən, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasından danışıb.
Tədbirə dəvət olunmuş zabitlərin döyüş yolu haqqında iştirakçılara geniş məlumat verib.
Birinci Qarabağ və 44 günlük Vətən müharibələrində döyüş yolu keçmiş qəhrəman zabitlər – polkovniklər İlkin Məhərrəmov, Şaiq Məmmədov və mayor Rasim İbrahimov işğalçı qüvvələrə qarşı aparılan hərbi əməliyyatlardan bəhs edib, döyüş təəssüratlarını görüş iştirakçıları ilə bölüşüblər. Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir sərkərdəliyi, xalqımızın birliyi, şəhid və qazilərin qanı və canı hesabına Vətən torpaqlarının düşmən işğalından azad edilməsinin çoxəsrlik tariximizin parlaq səhifəsi olduğu vurğulanıb. Müzəffər Ordumuzun uğurlu hərbi əməliyyatları nəticəsində Azərbaycan bayrağının 30 ildən artıq işğalda qalmış ərazilərimizdə dalğalandırılmasının hər birimizdə sonsuz qürur hissi yaratdığı qeyd edilib.
Tədbir çərçivəsində, həmçinin polkovnik İlkin Məhərrəmovun müəllifi olduğu “Türk manifesti” kitabının təqdimatı keçirilib.
BDU-nun Süni intellekt etikası kafedrasının müdiri dosent Rafiq Ələkbərov, Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazimi, Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının dosenti Rəşad Qardaşov çıxışlarında Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən bəhs edib, bu cür görüşlərin tələbələrdə vətənpərvərlik hisslərinin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıblar.
Tədbir İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələrinin hazırladığı bədii hissə ilə davam edib.