Kürdəmirdə 91 nəfərin zəhərlənmə şübhəsi ilə xəstəxanaya hospitalizasiya olunduğu açıqlanıb, araşdırma aparılır – YENİLƏNİB 2
Bakı, 1 oktyabr, AZƏRTAC
Sentyabrın 30-u saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Kürdəmir rayonunda baş verən zəhərlənmə hadisəsi ilə bağlı yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
10:09
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kürdəmir rayonunda qeydə alınan zəhərlənmə hadisəsi ilə məlumat yayıb.
AQTA-dan AZƏRTAC-a bildirilib ki, Kürdəmirdə yerləşən “Günəş” şadlıq sarayında keçirilən toy mərasimində baş verən zəhərlənmə hadisəsi ilə bağlı agentlik tərəfindən araşdırma aparılır.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində agentlik müvafiq tədbirlər görür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
00:19
Kürdəmirdə toy məclisindən sonra qonaqlar xəstəxanaya müraciət edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Kürdəmir rayonunda keçirilən toy məclisindən sonra halı pisləşən bir neçə qonaq gecə saatlarından etibarən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Hazırda da xəstəxanaya müraciət edənlərin olduğu bildirilir. Hadisənin qida zəhərlənməsi ilə əlaqəli olub-olmadığı araşdırılır.
Müxbir - Rəşad Türkoğlu