Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub
London, 2 oktyabr, AZƏRTAC
Londonda Qlobal Jurnalistika Şurasının təşkilatçılığı ilə II Beynəlxalq Media Dostluğu Mükafatlarının təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, 2019-cu ildə Ankarada yaradılan Qlobal Jurnalistika Şurası beynəlxalq media təşkilatıdır və hazırda 88 ölkədə, həmçinin Türkiyənin bütün 81 vilayətində nümayəndəlik şəbəkəsinə malikdir.
“Arundel House”da keçirilən tədbir çərçivəsində əvvəlcə doktor Özgenur Reyhan Gülerin kuratorluğu ilə hazırlanan “Dostluğa açılan səhifələr- Sənədlərdən həyata: Türkiyə–Böyük Britaniya münasibətləri” adlı sərginin açılışı olub. Daha sonra Türkiyənin Böyük Britaniyadakı səfiri Osman Koray Ertaş, Qlobal Jurnalistika Şurasının prezidenti Mehmet Ali Dim çıxış edib.
Sonra mükafatların təqdimetmə mərasimi keçirilib. Mərasimdə AZƏRTAC-ın Londondakı müxbiri Aytən Abbaslı II Beynəlxalq Media Dostluğu Mükafatı ilə təltif olunub.
Türkiyəli və xarici media nümayəndələri, ictimai xadimlər və müxtəlif təşkilatların təmsilçilərinin iştirak etdiyi tədbir Qlobal Jurnalistika Şurasının Böyük Britaniya nümayəndəsi Vatan Özün koordinasiyası ilə təşkil olunub.