Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər
Şuşa, 2 oktyabr, AZƏRTAC
Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşündə iştirak etmək məqsədilə Gürcüstanın müdafiə naziri İrakli Çikovani ölkəmizdə rəsmi səfərdədir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində gürcüstanlı həmkarı ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədəki əməkdaşlığın regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verdiyi xüsusi vurğulanıb.
Qeyd edilib ki, iki ölkə arasında mütəmadi olaraq keçirilən müxtəlif formatlı görüşlər və səfərlər bütün istiqamətlərdə olduğu kimi, müdafiə sahəsində də ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olmasının bariz göstəricisidir.
Görüşün sonunda hərbi əməkdaşlığın perspektivləri, birgə təlimlərin intensivləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Müxbir - Elmir Səftərov