Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır
Bakı, 2 oktyabr, AZƏRTAC
Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır.
AZƏRTAC “Dawn” nəşrinə istinadla xəbər verir ki, bu bəyanatla Pakistanın müdafiə naziri Xavaca Asif çıxış edib.
Müdafiə naziri bildirib ki, Pakistan istənilən münaqişədə Səudiyyə Ərəbistanına kömək etməyə hazırdır. “Biz istər husilər, istərsə də Səudiyyə Ərəbistanının təhlükəsizliyini təhdid edən başqa bir ölkə və ya hər hansı digər qrupla münaqişədə onun yanında olacağıq. Biz onları müdafiə etmək üçün hərəkətə keçəcəyik”, - deyə X. Asif “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
Pakistanlı nazirin bu açıqlamaları husilər ilə Yəmən hökuməti arasında yenidən alovlanan və Ər-Riyadı da münaqişəyə cəlb edən döyüşlər fonunda səslənib. Belə ki, husilər Krallığa qarşı dəniz blokadası elan edib və Qırmızı dənizdə onun gəmilərini hədəf alıblar. Gərginliyin yüksək olaraq qaldığı bir şəraitdə hər iki tərəf bir-birinə qarşı zərbələr endirdiyini iddia edib.
Belə bir vəziyyətdə Ər-Riyadla iki müdafiə sazişi imzalamış Pakistan Səudiyyə Ərəbistanı ilə həmrəylik nümayiş etdirib.
Sentyabrın 18-də Pakistan Silahlı Qüvvələrin zabiti, general-leytenant Əhməd Şərif Çaudri bildirmişdi ki, Pakistan Səudiyyə Ərəbistanını müdafiə etmək üçün istənilən addımı atacaq. O, İslamabadın Krallığın təhlükəsizliyinə dair öhdəliyini qeyd-şərtsiz yerinə yetirəcəyini vurğulayıb.
X. Asif isə son açıqlamasında bildirib ki, husilərin Səudiyyə Ərəbistanına qarşı təcavüzkarlıq etdiyinə dair heç bir şübhəmiz yoxdur. O əlavə edib ki, Pakistan Səudiyyə Ərəbistanını müdafiə etmək öhdəliyi daşıyır: “Səudiyyə Ərəbistanını müdafiə etmək öhdəliyi o deməkdir ki, ixtiyarımızda olan bütün vasitələr Krallığın da istifadəsinə veriləcək”.