Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır
Bakı, 2 oktyabr, AZƏRTAC
Biz qısa bir müddətdə Azərbaycanda müdafiə sənayesinin və ümumiyyətlə, müdafiə sektorunun necə inkişaf etməsindən həm qürur duyuruq, həm də təəccüblənirik. Sərgidə qabaqcıl texnologiyalar, süni intellekt həlləri nümayiş olunur. Bütün bunlar elmi texnologiyalardır. Bu texnologiyaları öyrənmək, araşdırmaq, xarici təcrübəni öyrənmək, milli süni intellekt modellərini yaratmaq dövlətimizin başçısının bizim qarşımızda qoyduğu məsələlərdəndir.
AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev "ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin üçüncü günündə keçirilən “Müdafiə sahəsində kibertəhlükəsizlik” adlı sektorial görüşdə çıxışı zamanı deyib.
Akademik qeyd edib kj, təmsil etdiyi institut ölkədə həyata keçirilən dövlət proqramlarında iştirak edir, onlara müəyyən dəstək verir: "İnformasiya Texnologiyaları İnstitutu 30 ildən artıqdır ki, Azərbaycanda kibertəhlükəsizliyin əsasını qoyan, kitabları, kadrları hazırlayan qurum kimi fasiləsiz fəaliyyət göstərir. Mən çox sevinirəm ki, ölkədə Prezident İlham Əliyevin tapşırığı ilə artıq milli kibertəhlükəsizlik ekosistemi formalaşır. Kibertəhlükəsizlik ekosistemi isə çox aspektli məsələdir".