Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan bəstəkarlıq məktəbi milli musiqi mədəniyyətimizin zənginliyini və özünəməxsusluğunu yaşadan böyük sənətkarların yaradıcılığı ilə formalaşıb. Görkəmli bəstəkarların əsərləri Azərbaycan musiqisinin inkişafına mühüm töhfə verməklə yanaşı, milli musiqi irsimizin nəsildən-nəslə ötürülməsində də mühüm rol oynayır. Bu zəngin irsdə görkəmli bəstəkar, Xalq artist Cahangir Cahangirovun yaradıcılığı özünəməxsus yer tutur.
Görkəmli bəstəkarın 105 illiyi münasibətilə oktyabrın 6-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında onun yaradıcılığına həsr olunmuş təntənəli konsert proqramı təqdim ediləcək. Musiqili gecədə Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri və xor qrupu geniş proqramla səhnə alacaq.
AZƏRTAC xəbər verir ki, konsertə Mahnı və Rəqs Ansamblının direktor-baş dirijoru, Prezident mükafatçısı Mustafa Aşurov rəhbərlik edəcək.
Proqramda Cahangir Cahangirovun zəngin yaradıcılığından seçilmiş, Azərbaycan musiqi xəzinəsində xüsusi yer tutan əsərlər səsləndiriləcək. Bəstəkarın yaradıcılıq irsinin müxtəlif çalarlarını əhatə edən musiqi nümunələri gecənin əsas məzmununu təşkil edəcək.
Səhnədə orkestr və xor kollektivinin ifası ilə yanaşı, tanınmış solistlərin çıxışları da təqdim olunacaq. Belə ki, Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Fərqanə Qasımova, Elçin Həşimov (tar ifaçısı), Almaz Orucova, Zakir Əliyev, Elnur Əhmədov (kamança ifaçısı), tanınmış solistlər Günay İmamverdiyeva, Nurlan Əzizbəyli, Amil Həsənoğlu, İsmayıl Zeynalov və Mədinə Şahgəldiyeva (kamança ifaçısı) çıxış edəcəklər.
Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri və xor qrupunun (xormeyster – Naala Barateliya) ifasında təqdim olunacaq proqram Cahangir Cahangirovun zəngin sənət dünyasını bir daha dinləyicilərə çatdıracaq, bəstəkarın ölməz əsərlərinin müasir səhnədə yaşadılmasına imkan yaradacaq. Konsert, həmçinin Azərbaycan bəstəkarlıq məktəbinin qiymətli nümunələrinin yeni nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Konsertə biletləri şəhərin kassalarından əldə etmək mümkündür.
Müxbir – Gülay Nəzərova