COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
Bakı, 2 oktyabr, AZƏRTAC
Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 iqlim konfransının Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib.
AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, COP31 Sədrliyi Trabzon Okeanlar və Dənizlər sammitində daha güclü qlobal fəaliyyətə çağırıb, dəniz tullantılarının təmizlənməsi il bağlı Fəaliyyət Platformasını işə salıb.
Liderlər COP31-dən əvvəl okeanlar və dənizlərin idarə olunması, elm, mavi iqtisadiyyat və maliyyə mövzularında praktik fəaliyyət göstərmək üçün görüşürlər.
Trabzon sammitindən sonra Türkiyənin COP31 Sədrliyi hökumət, beynəlxalq təşkilatlar, alimlər, vətəndaş cəmiyyəti və özəl sektor liderlərini Antalyada iqlim konfransının gündəliyini formalaşdırmaq üçün okeanlar və dənizlər üzrə fəaliyyətləri sürətləndirmək məqsədilə daha güclü beynəlxalq əməkdaşlığa çağırıb.
COP31 Sədrliyi qeyd edib ki, dünya ölkələri və təşkilatları dəniz tullantıları ilə bağlı tədbirlər görür, lakin biliklər, uğurlu yanaşmalar və maliyyələşdirmə imkanları hələ də parçalanmış vəziyyətdədir. Əsas hədəf bu səyləri birləşdirməkdir. Bu məqsədlə uğurlu layihələrin və texniki yanaşmaların mübadiləsi üçün bilik paylaşma şəbəkəsi yaradılacaq. Bundan başqa, ölkələr və bölgələr üzrə dəniz tullantıları ilə bağlı tədbirlərin inventarlaşdırılması və xəritə əsaslı icmalını təmin etmək üçün rəqəmsal monitorinq paneli qurulacaq. Bütün bu fəaliyyətlərə maliyyə və texniki dəstək göstəriləcək.
Platforma Türkiyənin birinci xanımı Əminə Ərdoğanın rəhbərlik etdiyi “Sıfır tullantı” təşəbbüsü vasitəsilə daha da gücləndiriləcək.