Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub
Bakı, 2 oktyabr, AZƏRTAC
Xəzər Universiteti “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində tələbələrin hazırladığı iki mühəndislik layihəsi — Robot Tank və Pilotsuz Uçuş Aparatı (UAV Drone) ilə təmsil olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, sərgidə nümayiş etdirilən layihələr tələbələrin elektrik-elektronika mühəndisliyi, mexanika mühəndisliyi və kompüter elmləri sahələrində əldə etdikləri nəzəri biliklərin praktiki tətbiqini, texniki yaradıcılıq və komanda şəklində işləmək bacarıqlarını əks etdirib.
Robot tank - müxtəlif taktiki missiyalarda kəşfiyyat, müşahidə və dəstək məqsədləri üçün hazırlanmış uzaqdan idarə olunan pilotsuz yerüstü robot platformasıdır. Qurğu təhlükəli və çətin keçilən ərazilərdə məsafədən müşahidə və hərəkət imkanları təqdim edir. Kamera sistemi vasitəsilə real zamanlı görüntü ötürülməsi, modul konstruksiyası isə müxtəlif faydalı yüklərin inteqrasiyasına imkan verir. Platformanın dağlıq, torpaq və şəhər mühitlərində istifadəsi nəzərdə tutulub.
Pilotsuz uçuş aparatı (UAV Drone) - havadan kəşfiyyat, müşahidə, axtarış, monitorinq və tədqiqat məqsədləri üçün hazırlanmış pilotsuz uçuş platformasıdır. Qurğu çətin və əlçatmaz ərazilərdən havadan məlumatların toplanmasına və real zamanlı müşahidənin aparılmasına imkan yaradır. Modul quruluşu müxtəlif kamera, sensor və avadanlığın inteqrasiyasını, gələcək inkişaf potensialı isə süni intellekt və avtonom idarəetmə sistemlərinin tətbiqini nəzərdə tutur.
Hər iki layihənin əsas üstünlükləri arasında uzaqdan idarəetmə, real zamanlı məlumat ötürülməsi, çətin ərazilərdə istifadə imkanı, modul konstruksiya və çoxməqsədli tətbiq imkanları yer alır. Hava və yerüstü platformaların birgə təqdimatı universitet tələbələrinin robototexnika, elektronika, mexanika və kompüter texnologiyaları sahələrindəki praktiki fəaliyyətini nümayiş etdirib.
Beləliklə daimi yenilik və mükəməllik devizi ilə yoluna davam edən Xəzər Universitetinin tədqiqatçıları müdafiə sənayesi ilə əməkdaşlığı mühüm bir fürsət kimi qiymətləndirib çalışmağa davam edəcəkdir.
Layihə komandasında elektrik-elektronika mühəndisliyi ixtisasının IV kurs tələbələri Tural Şaban, Vasif Əhmədov və Elşən Cabbarov, mexanika mühəndisliyi ixtisasının IV kurs tələbəsi Humeyra Əskərova və kompüter elmləri ixtisasının II kurs tələbəsi Nihat Məcidov yer alır, layihənin rəhbəri və mentor isə Muhəmməd Əlizadədir.