ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək
Bakı, 2 oktyabr, AZƏRTAC
İoannis Diamantakos həm qadın, həm də kişi basketbolunda çox mühüm təcrübəyə malik məşqçidir. O, Yunanıstan basketbol məktəbinin yetirməsidir və daha əvvəl vətənində, Rumıniyada, eləcə də bir sıra ərəb ölkələrində ciddi təcrübə qazanıb. Eyni zamanda, onun psixoloq təhsili alması və doktor elmi dərəcəsinə malik olması komandaya mental baxımdan da kömək edə biləcəyini düşünməyə əsas verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz qadın basketbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi və bütün yaş qrupları üzrə qadın yığmalarının koordinatoru İoannis Diamantakosun təyinatını şərh edərkən deyib.
O bildirib ki, əsas milli komandanın noyabrda keçirəcəyi oyunlarda daha rəqabətədavamlı çıxış gözlənilir: “Həmçinin noyabr və fevral aylarında əsas komandamızın oyunları var. Həmin matçlarda qızlarımızın daha çox təcrübə qazanacağını, daha mübariz və yaxşı oyunlar keçirəcəyini düşünürük. Yenə çox gənc komanda ilə oynayacağıq. Ona görə də həmin qarşılaşmalarda əvvəlki oyunlardan çox fərqli nəticələr gözləmirəm. Daha çox mübarizənin içində olacağıq”.
ABF rəsmisi əsas məqsədin gənc basketbolçuların inkişafına nail olmaq olduğunu vurğulayıb: “Bizim burada əsas məqsədimiz azyaşlı qızların həm basketbol bacarıqlarını, həm də fundamental hazırlıqlarını bir addım daha irəliyə aparmaqdır. Bildiyiniz kimi, ötən ildən B Divizionunda yarışırdıq. Qarşıdakı ildə də 16, 18 və 20 yaşlı qızlarımızla B Divizionunda daha yaxşı nəticələr əldə edəcəyimizə inanıram. Yunan mütəxəssis həm təcrübəsi, həm də basketbol biliyi ilə bizə mühüm töhfə verəcək”.
Turqay Zeytingöz bundan əvvəl qadın basketbol yığmasına rəhbərlik edən Evren Alkayaya təşəkkür edib: “Azərbaycanda qadın basketboluna çox böyük faydası və dəstəyi oldu. Bundan sonra isə bayrağı yunanıstanlı İoannis Diamantakosa təhvil verdi. İnanırıq ki, o da burada uğurlu olacaq və qadın basketbolu ölkədə ən qısa zamanda daha da irəli gedəcək”.
İdman direktoru yeni baş məşqçinin köməkçilərinin yerli mütəxəssislər olacağını bildirib: “Azərbaycanlı məşqçilərə yatırım etmək istəyirik. Onların Diamantakosun yanında həm təcrübə toplamaları, həm də təhsil almaları faydalı olacaq. Ötən ildən komandada çalışan türkiyəli məşqçi Fərhad Akcan heyətdə qalır. Digər bütün köməkçilər isə azərbaycanlı mütəxəssislər olacaq”.