Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib
Qahirə, 2 oktyabr, AZƏRTAC
Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasında baş verən son gərginlik ilə bağlı dərin narahatlığını ifadə edib.
AZƏRTAC “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, təşkilat üç dövləti soyuqqanlı olmağa və münasibətləri daha da gərginləşdirəcək, regional sülhə və sabitliyə zərər vura biləcək hər hansı hərəkətdən çəkinməyə çağırıb.
Komissiya, həmçinin bu dövlətləri fikir ayrılıqlarını diplomatik kanallarla və dialoq yolu ilə həll etməyə çağırıb. Eyni zamanda, təşkilat gərginliyin azaldılmasına, dialoqa və fikir ayrılıqlarının sülh yolu ilə həllinə töhfə verməyə hazır olduğunu açıqlayıb.
Xatırladaq ki, Misir Efiopiyanın Əddis-Əbəbədəki Misir diplomatik nümayəndəliyinin əməkdaşını arzuolunmaz şəxs elan etməsinə cavab olaraq, Qahirədəki Efiopiya səfirliyinin bir əməkdaşını ölkədən çıxaracağını bildirib.
Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsmək qərarına gəlib. Qərar Efiopiyanın Eritreyadakı səfirliyini bağlaması və 10 diplomatı “persona non qrata” elan etməsindən sonra verilib.