Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub
Qəbələ, 2 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn və Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilən Ukraynalı uşaqlar və gənclər Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzində olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərkəzin sərgi salonlarına baxış keçirən qonaqlara ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan tarixi, maddi və mədəniyyət nümunələri barədə geniş məlumat verilib. Qeyd olunub ki, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisində dövrü olaraq aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri Arxeoloji Mərkəzin laboratoriyasında müvafiq tədqiq olunduqdan sonra sərgi salonunda turistlər üçün nümayiş olunur.
Daha sonra qonaqlar Qəbələ Arxeoloji Mərkəzinin akt zalına dəvət olunublar. Burada onlara SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə əsas qoyulmuş mərkəzin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, 2014-cü il sentyabrın 22-də ölkə başçısı İlham Əliyev Qəbələyə səfəri zamanı Qəbələ Arxeoloji Mərkəzinin rəsmi açılışını edib.
Toplantı çərçivəsində, ənənəyə uyğun olaraq, qonaqlara "Qafqaz Albaniyasının paytaxtı – Qəbələ" filmi nümayiş etdirilib. Tədbirdə ukraynalı uşaqların ifasında Ukraynanın Dövlət Himni səsləndirilib, qrupun üzvlərinə və azyaşlılara xatirə hədiyyələri təqdim olunub.
Ukraynalı uşaqlar Qoruğun Səlbir və Qala adlanan arxeoloji əraziləri ilə də yaxından tanış olublar. Burada onlara dövrü olaraq aparılmış arxeoloji qazıntılar, yerli və xarici arxeoloqlar tərəfindən aşkar edilmiş maddi-mədəniyyət nümunələri olan ictimai bina qalıqları, təsərrüfat quyuları, ocaq yerləri, su xətləri və tarixi tapıntılar haqqında geniş məlumatlar verilib, öz möhtəşəmliyi ilə tarixi sınaqlardan bu günümüzədək gəlib çıxan qala divarlarına yaxından baxış keçirilib.
Sonda kollektiv üzvləri üçün çay süfrəsi təşkil olunub, xatirə şəkilləri çəkilib.
Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar.