Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır
Bakı, 2 oktyabr, AZƏRTAC
Texnologiyalar və alətlər sürətlə dəyişsə də, investorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər – adaptasiya qabiliyyəti, qətiyyət və etibarlılıq – dəyişməz olaraq qalır.
AZƏRTAC xəbər verir ki, bunu investor, beynəlxalq müəllif və ekosistem qurucusu Lucy Chou CAMCA Regional Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, texnologiyanın təxminən hər altı aydan bir sürətlə dəyişdiyi müasir dünyada sahibkarların bacarıqları ciddi sınaqdan keçir:
“Buna görə də sahibkarlar adaptasiyaya həqiqətən diqqət yetirməlidirlər. Çünki investorların axtardığı məhz belə təsisçilərdir. Bu, həmişə aktual olaraq qalacaq. Süni intellektin mövcud olub-olmamasından asılı olmayaraq, investorlar daim dövrlə ayaqlaşan və dəyişə bilən təsisçilərlə işləməyə üstünlük verirlər. Mən həmişə deyirəm ki, süni intellekt məni həyəcanlandırır, çünki bu, imkanlara çıxışın demokratikləşməsidir. MENA (Yaxın Şərq və Şimali Afrika) və Mərkəzi Asiya kimi bazarlar üçün hamımız çox həyəcanlı olmalıyıq”, – deyə o vurğulayıb.