Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir
Astana, 2 oktyabr, AZƏRTAC
Qazaxıstan paytaxtında texnologiya şirkətlərini, investorları, startapları, tədqiqatçıları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirən “AI & Digital Bridge – 2026” (“Süni intellekt və rəqəmsal körpü – 2026”) beynəlxalq texnologiya forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, forum oktyabrın 1-dən 3-dək EXPO Beynəlxalq Sərgi Mərkəzində keçirilir. Tədbirdə 20 mindən çox insanın və 100-dən artıq texnologiya şirkətinin iştirakı gözlənilir.
Forumun əsas mövzuları süni intellekt və robototexnika, vençur investisiyaları, peyk infrastrukturu, süni intellektin biznesdə tətbiqi, startapların inkişafı, yeni peşələr və yaradıcı sənaye sahələrini əhatə edir.
Əvvəllər “Digital Bridge” adı ilə keçirilən forumun bu il adı dəyişdirilərək “AI & Digital Bridge” adlandırılıb ki, bu da Qazaxıstanın süni intellekt və rəqəmsal iqtisadiyyatın inkişafına artan diqqətini əks etdirir.
Proqramın əsas tədbirlərindən biri Süni İntellekt İnkişaf Şurasının iclasıdır. Foruma, həmçinin “Astana Hub Battle” startap müsabiqəsi, texnologiya sərgisi və “Startup Alley” daxildir. İllər ərzində forum 100-dən çox ölkədən 127 mindən çox iştirakçını bir araya gətirib. Tədbirlərdə 1500-dən çox natiq, 600-dən çox startap öz işlərini təqdim edib və 500 investor cəlb olunub.
“AI & Digital Bridge – 2026” Qazaxıstan Respublikasının Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi, “Astana Hub” beynəlxalq innovasiya klasteri və Astana meriyası tərəfindən təşkil olunur.