Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq
Bakı, 2 oktyabr, AZƏRTAC
Rəqəmsal transformasiyanın inkişafı yeni imkanlarla yanaşı, kibertəhdidlərin də artmasına səbəb olur. Müdafiə sektoru da bu təhdidlərin əsas hədəflərindən birinə çevrilməkdədir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəisi general-mayor Davud Rüstəmov Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin üçüncü günündə keçirilən “Müdafiə sahəsində kibertəhlükəsizlik” mövzusunda sektorial görüşdə çıxışı zamanı deyib.
Davud Rüstəmov bildirib ki, geosiyasi proseslər kibertəhdidlərin inkişafına da təsir göstərir. Yaxın regionda baş verən və digər münaqişələr göstərir ki, hərbi obyektlər və müdafiə infrastrukturu kibertəhdidlərin diqqət mərkəzindədir. Hərbi təyinatlı texnikanın logistik hərəkətinin izlənməsi kimi yeni təhdidlər də müşahidə olunur.
Onun sözlərinə görə, son üç il ərzində baş vermiş onlarla kiberinsidentin çarpaz təhlili müdafiə sektorunda təhdidlərin xarakterini daha aydın göstərməyə imkan verir.
“Əgər maliyyə sektorunda daha çox “ransomware” hücumları ilə qarşılaşırıqsa, müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları müşahidə olunur. Bu hücumların əsas xüsusiyyəti sistemlərdə uzun müddət gizli qalmağa çalışmalarıdır. Bunun əsas motivlərindən biri məxfi məlumatların əldə edilməsi və bu fəaliyyətin davamlı şəkildə həyata keçirilməsidir”, - deyə mərkəzin rəisi qeyd edib.
General-mayor vurğulayıb ki, müdafiə sektorunda məxfi məlumatları hədəfə alan kibertəhdidlərin arxasında, bir qayda olaraq, yüksək imkanlara malik kibertəhdid aktorları dayanır. Bu baxımdan müdafiə sektorunun üzləşdiyi kibertəhdidlərin xarakteri digər sahələrdə müşahidə olunan təhdidlərdən əhəmiyyətli dərəcədə fərqlənir.
“Biz çox ciddi bir təhdidlə qarşı-qarşıya olduğumuzu çox yaxşı anlayırıq”, - deyə o əlavə edib.