Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində 2026-cı ilin may-avqust aylarında istehsalat təcrübəsi keçən tələbələrin iştirakı ilə təcrübə proqramının yekunlarına həsr olunmuş tədbir keçirilib.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə agentliyin sədr müavini İlqar Həsənov və İnsan resursları şöbəsinin müdiri Aytən Hüseynova çıxış ediblər. Çıxışlar zamanı agentliyin əsas fəaliyyət istiqamətləri, korporativ dəyərləri və gənclər üçün yaradılan karyera imkanları barədə məlumat verilib. Həmçinin istehsalat təcrübəsi proqramının nəticələri müzakirə olunub, tələbələrin bu müddətdə qazandıqları bilik və bacarıqlara dair təəssüratları dinlənilib.
Qeyd edək ki, ötən dövr ərzində agentlikdə istehsalat təcrübəsinə Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Xəzər Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin ümumilikdə 24 tələbəsi qoşulub.
Tələbələrin praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə qurumun müxtəlif struktur bölmələrində təcrübə keçən hər bir tələbə üçün fərdi təcrübə proqramı hazırlanıb. Bu çərçivədə onların fəaliyyəti mentorlar tərəfindən məsuliyyət, intizam, davamiyyət, komanda ilə işləmək bacarığı, öyrənməyə və inkişaf etməyə maraq, eləcə də digər mühüm meyarlar əsasında qiymətləndirilib.
Qiymətləndirmənin nəticələrinə uyğun olaraq iştirakçılara sertifikatlar təqdim edilib.