İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər
Bakı, 2 oktyabr, AZƏRTAC
Sektorial görüşlər bizim müzakirə formatımızdır. Burada toplaşmağımızın əsas məqsədi odur ki, dövlət qurumları ilə onların müşahidə etdiyi kibertəhdidlər barədə müzakirə aparaq, özəl sektor olaraq öz fikirlərimizi bildirək və gələcəkdə hər hansı bir dövlət-özəl əməkdaşlığı mümkün ola bilərsə, bu əməkdaşlığın əsasını qoyaq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabarov "ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin üçüncü günündə keçirilən “Müdafiə sahəsində kibertəhlükəsizlik” adlı sektorial görüşdə çıxışı zamanı deyib.
2024-cü ildən bu yana AKTA-nın bir neçə sektorial görüşlər keçirdiyini xatırladan direktor qeyd edib: "Sektorial görüşlər içərisində ilk dəfə biz maliyyə sektorunun nümayəndələri ilə görüş keçirmişik. Həmin görüşdə kibertəhlükəsizlik sektorunu təmsil edən şirkətlərin hər hansı bir güzəştlər əldə edilməsi məsələsi ilə bağlı müzakirə apardıq. Çox sevindirici haldır ki, 2024-cü ildə müzakirə edilən həmin məsələ 2026-cı ildə öz həllini tapdı. Bu gün kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər də texnopark rezidenti olaraq müəyyən güzəştlər əldə ediblər".
Bugünkü sektorial görüşün müdafiə sahəsi ilə bağlı olduğunu bildirən R. Cabarov bildirib: "Heç kimə sirr deyil ki, dünyada bu sahədə ciddi dəyişikliklər baş verir. AKTA olaraq sevindiricidir ki, şirkətlərimiz bu sərgidə ciddi şəkildə iştirak edirlər. Ümumiyyətlə, AKTA artıq ölkəmizin ümumi təhlükəsizlik sahəsinə ciddi töhfə verir".