Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib
Bakı, 2 oktyabr, AZƏRTAC
AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev Qazaxıstanın Aqtöbe şəhərində M.O.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun təşkilatçılığı, Aqtöbe vilayəti Akimatının dəstəyi, Ə.Jübanov adına Aqtöbe Regional Universiteti və Aqtöbe Regional Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlığı ilə “Türk xalqlarının mənəvi irsi dünya sivilizasiyası kontekstində: “Koblandı batır” dastanı” mövzusunda keçirilən beynəlxalq elmi-nəzəri konfransda iştirak edib. Konfransın əsas məqsədi “Koblandı batır” dastanının tarixi-mədəni, ədəbi və mənəvi əhəmiyyətinin araşdırılması, türk xalqlarının ortaq epik irsindəki yerinin müəyyənləşdirilməsi, dastanın qorunması və müasir mədəni məkanda yaşadılması məsələlərinin müzakirə edilməsidir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alim konfransın plenar iclasında “Koblandı batır dastanında epik qəhrəmanın inisiasiya modeli: metaforik-simvolik analiz” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzədə “Koblandı batır”da epik qəhrəmanın inisiasiya modeli metaforik-simvolik və struktur-semantik yanaşmalar əsasında təhlil olunub. Tədqiqatda Koblandının qəhrəmanlıq statusunun formalaşması və müxtəlif süjet situasiyalarında yenidən qurulmasını şərtləndirən mərhələlər araşdırılıb, bu mərhələlərdə iştirak edən obraz, məkan, əşya və hərəkətlərin inisiasiya semantikası üzə çıxarılıb. Dastanda Koblandının qəhrəmanlıq statusu əvvəldən hazır və dəyişməz keyfiyyət kimi təqdim olunmur. Qəhrəmanın doğuluşu, uşaqlıqdan ayrılması, Estemisin yanında hazırlanması, ovçuluq, atçılıq və oxatma təcrübəsi qazanması, Kürtkanın əldə edilməsi, Tayburılın seçilməsi, düşmənlərlə qarşıdurmaları, əsirlik, azadlıq və doğma elə qayıdışı onun qəhrəmanlıq statusunun müxtəlif mərhələlərdə formalaşması və təsdiqlənməsi ilə əlaqələndirilir.
Məruzədə inisiasiyanın konkret ritualın epik təsviri kimi deyil, qəhrəmanın bir statusdan digərinə keçidini təşkil edən struktur-semantik model kimi nəzərdən keçirildiyi vurğulanıb. Bu yanaşma Arnold van Gennepin keçid mərasimləri nəzəriyyəsi, Viktor Turnerin liminallıq konsepsiyası, Otto Rankın qəhrəmanın doğuluşu modeli, Lord Raqlanın qəhrəman sxemi və Alan Dandesin qəhrəman modeli ilə bağlı nəzəri yanaşmaları əsasında əsaslandırılıb. Məruzədə Koblandının əsirlik mərhələsi də xüsusi təhlil olunub. Qəhrəmanın silahından, Tayburıldan, azadlığından və döyüş imkanından məhrum edilməsi onun qəhrəmanlıq funksiyasının müvəqqəti dayandırıldığı liminal vəziyyət kimi təqdim edilib. Bu mərhələ şərti olaraq “simvolik ölüm” semantikası ilə əlaqələndirilib. Karlığanın müdaxiləsi, Tayburılın səsi, silahların qaytarılması və Koblandının yenidən döyüşə qoşulması isə qəhrəmanlıq statusunun bərpası və “yenidən doğuluş” mərhələsi kimi təhlil olunub.
Araşdırmanın mühüm nəticələrindən biri də Koblandı ilə oğlu Bökenbayın bioqrafiyaları arasında struktur paralelliyin müəyyənləşdirilməsidir. Bökenbayın erkən yaşlarından qeyri-adi qəhrəmanlıq xüsusiyyətləri nümayiş etdirməsi, Estemisin saxladığı ilxıya getməsi, at və döyüşlə bağlı təcrübə qazanması Koblandının qəhrəmanlıq yolunun yeni nəsildə təkrarlanması kimi şərh olunub.