Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır
Saatlı, 2 oktyabr, AZƏRTAC
Xırdabuynuzlu heyvandarlıq təsərrüfatları üçün verilən subsidiya örüş sahələrinin yaxşılaşdırılmasına yönəlib. Sadəcə qanunvericilikdə birbaşa örüş sahəsinə subsidiyanın verilməsi mümkün olmadığı üçün bu vəsait heyvanların baş sayına görə verilir. Örüş sahələrinin yaxşılaşdırılması ciddi maliyyə vəsaiti tələb edir. Ona görə də bu layihə 500 baş və daha çox heyvanı olan təsərrüfatlar üçün nəzərdə tutulur ki, onların xərclərinin bir qismi dövlət tərəfindən maliyyələşdirilsin.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Saatlı rayonunda baş tutan pambıq yığımı ilə bağlı jurnalistlərə açıqlaması zamanı deyib.
Nazir iribuynuzlu heyvandarlıq üzrə yeni dəstək mexanizmlərinin tətbiq ediləcəyini bildirib.
“İribuynuzlu heyvandarlıqda isə müxtəlif tədbirlər nəzərdə tutulub. İlk növbədə, indiyə kimi olan cins malların ana sürüsünün 60 faiz maliyyələşdirilməsi davam edəcək. Buna əlavə olaraq, yeni qurulan fermalarda südlük inəklər üçün hər ana heyvan başına 1500 manat, ətlik üçün nəzərdə tutulan fermalarda isə heyvan başına 1000 manat verilməsi nəzərdə tutulur. Həmin fermalarda yeni alınmış cins heyvanlara ilk dörd il ərzində hər heyvan başına 500 manat əlavə dövlət dəstəyi göstəriləcək. Onlardan törəyən dişi buzovlar isə sürüdə saxlanıldığı halda və özü də buzov verdikdən sonra həmin heyvan başına 800 manat subsidiya verilməsi nəzərdə tutulur. Burada əsas məqsəd heyvan sürüsünün saxlanılması, qorunması və artırılmasına nail olmaqdır. İndiyə qədər mövcud olan buzov subsidiyası süni mayalanma yolu ilə əldə olunan buzovların maliyyələşdirilməsi idi və buna görə 100 manat subsidiya verilirdi. Hazırkı yeni mexanizmdə isə ilk buzova görə 100 manat, həmin buzovdan törəyən növbəti balaya görə isə subsidiya 150 manata qədər artırılır. Yəni əsas məqsəd buzovların saxlanılması, böyüdülməsi və növbəti nəsillərin artırılmasına nail olmaqdır. Bu tədbirlər Azərbaycanda cins malların sayının artırılmasına xidmət edəcək”, - deyə nazir əlavə edib.
Müxbir-Aydın Yavərzadə