Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib VİDEO
Şəki, 2 oktyabr, AZƏRTAC
Qədim mədəniyyət və musiqi mərkəzlərindən olan Şəki teatrı bu il 147-ci mövsümə başlayır. Tarixi ənənələri olan mədəniyyət məbədi bu mövsümə də fərqli bir tempdə V Beynəlxalq Teatr Festivalı ilə start verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəkidə V Beynəlxalq Teatr Festivalının açılış mərasimi keçirilib. Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Dövlət Dram Teatrının dəstəyi ilə keçirilən festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan və İrandan teatr kollektivləri iştirak edir. Festival oktyabrın 5-dək davam edəcək.
Şəki Dövlət Dram Teatrının qarşısında böyük canlanma vardı. Teatrın kollektivi və ictimaiyyət nümayəndələri əvvəlcə xarici ölkələrdən gələn teatr kollektivlərini qarşılayıb. Daha sonra qonaqlar “Şəki teatrı – dünən və bu gün” adlı sərgi ilə tanış olub. Ardınca festivala həsr olunmuş mətbuat konfransı keçirilib.
Çıxışlarda festivalın əhəmiyyəti, teatr kollektivləri arasında yaradıcılıq əlaqələrinin genişləndirilməsi və səhnə sənətinin inkişafından bəhs olunub.
Teatrın foyesində Özbəkistandan gələn Gənc Tamaşaçılar Teatrının bədii rəhbəri Zülfiyyə Xamrayeva ilə söhbət edirik. Zülfiyyə xanım bildirir ki, Şəkidən olan həmkarları onları ilk gündən bu festivala dəvət etməklə gözəl bir dostluq, qardaşlıq ənənəsinin bünövrəsini qoyub. “Bu festivala dəvət alarkən çox məmnuniyyətlə qəbul etdik. Çünki ilk növbədə qardaş, dost ölkədən dəvət almışdıq. Digər tərəfdən əvvəlik festivallarda da iştirak etməklə biz Şəkidə sənətsevərlərin teatr xadimlərinə göstərdikləri diqqət və qayğını hiss etmiş və canlı şahidi olmuşduq”,- deyən Zülfiyyə xanım onu da əlavə edir ki, təmsil etdiyi sənət məbədi Azərbaycan Gənc Tamaşaçılar Teatrı ilə qarşılıqlı əməkdaşlıq edir və bu əməkdaşlıq yüksək səviyyədə inkişaf mərhələsindədir.
Qazaxıstanın Qızl-Orda vilayət teatrının aktyoru Askar Orzaliyev bildirir ki, təmsil etdiyi sənət ocağı Mərkəzi Asiyanın ən qocaman sənət məbədlərindən biri sayılır. Şəki teatr festivalına dəvət isə iki qardaş dövlət arasında bağların, sənət və mədəniyyət sahəsində əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradır. “Bizim Qızıl-Orda teatrı Mərkəzi Asiyanın ən yaşlı, qocaman sənət məbədlərindən biri olsa da aktyorları gənc və dinamikdir. Biz buradakı dostluq və qardaşlığa, səmimi qarşılanmaya heyran qalmışıq. Kollektivimiz Şəki festivalına ikinci dəfədir qatılır”,- deyən Askar dəvətə görə təşkilatçılara heyət adından minnətdarlığını ifadə edir.
Ərdəbil şəhər “Moqan Honar” teatrının rejissoru Qərib Məniçöhrinin də ürək sözləri var. Qərib bəy komandası ilə teatrsevərlərə “İçimdə bir Araz addımlayır” tamaşasını nümayiş etdirəcək. “Mən çox şadam ki, Şəkidə V festivala görə dostları, qardaşları görürəm. İranın Ərdəbil şəhərindən “İçimdə bir Araz addımlayır” tamaşası ilə bu festivala qatılırıq. Ümidim var ki, bu get-gəllər çoxalsın və Azərbaycanın bütün səhnələrində çıxış edək”, -deyən Qərib bəy Şəki haqda təəssüratlarını bölüşərkən bildirib ki, Şəki qədim və səliqəli şəhər kimi ürəyəyatan bir məkandır. Xüsusən insanları şirin ləhcələri və qonaqpərvərliyi ilə seçilir.
Qeyd edək ki, festivalın açılış günündə Şəki Dövlət Dram Teatrı Türk dünyasının görkəmli dramaturqu Tuncer Cücenoğlunun “Uçqun” əsəri əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edib. Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluş verdiyi tamaşada insanın daxili qorxu hissinə qalib gəlməsi mövzusu ön plana çəkilir.
Rejissor Mirbala Səlimli bizimlə söhbətində Şəkinin zəngin mədəni irsə malik olduğunu bildirib: “Şəki həmişə yüksək və qədim mədəniyyət məkanı olub. Memarlıqda, musiqidə, tətbiqi sənətdə, mətbəxdə və eyni zamanda teatrda bu ənənələr qorunub saxlanılıb və bu gün də davam etdirilir. 147 il klassik teatr üçün böyük və önəmli bir tarixdir. Biz 147-ci mövsümə V Şəki Beynəlxalq Teatr Festivalı ilə başlayırıq. Qazaxıstan, Özbəkistan və İrandan gələrək bayramımıza qoşulan dost teatr kollektivlərini salamlayır, onların hər birinə dərin təşəkkürümü bildirirəm”.
Tamaşanın sonunda V Beynəlxalq Teatr Festivalının yüksək səviyyədə təşkilinə görə bir qrup şəxsə təşəkkürnamə və xatirə hədiyyəsi təqdim edilib.
Qeyd edək ki, festival çərçivəsində Qazaxıstan teatrı “Tufan”, Azərbaycan Dövlət Pantomim Teatrı “Şinel”, İranın Ərdəbil “Moqan Honar” Teatrı “İçimdə bir Araz addımlayır”, Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı “Məsxərəboz-Şou” tamaşalarını təqdim edəcək.
Beş gün davam edəcək festival müxtəlif ölkələrin teatr ənənələrini və səhnə nümunələrini Şəkidə bir araya gətirəcək.