Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO
Bakı, 2 oktyabr, AZƏRTAC
Ölkəmizdə son illərdə kibertəhlükəsizlik sahəsində çox mühüm addımlar atılıb. 2026-cı ildə Azərbaycanda rəqəmsallaşmanın sürətləndirilməsinə dair fəaliyyət planına baxdığımız zaman kibertəhlükəsizlik istiqaməti önəm verilən istiqamətlərdən biridir.
"AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədr müavini Elvin Şahverdiyev "ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin üçüncü günündə keçirilən “Müdafiə sahəsində kibertəhlükəsizlik” adlı sektorial görüşdə çıxışı zamanı deyib.
Həmin fəaliyyət planından irəli gələrək ölkədə Milli Kibertəhlükəsizlik Agentliyinin 2026-cı ildə yaradılmasının kibertəhlükəsizlik sahəsində ölkənin yeni mərhələyə keçməsinin bariz nümunəsi olduğunu vurğulayan E.Şahverdiyev əlavə edib: "Fəaliyyət planından irəli gələrək qanunvericilik və institusional səviyyədə də bir sıra mühüm addımlar atılıb. Əsas mühüm məsələlərdən biri də Milli Kibertəhlükəsizlik Agentliyinin formalaşdırılmasıdır. Artıq müasir Milli Kibertəhlükəsizlik Agentlikləri kibertəhdidlər barəsində məlumatların toplanılması, insidentlərə koordinasiyalı cavabın verilməsi, təhlillərin aparılması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə hərəkət edirlər.
Hər bir dövlət qurumu ayrı-ayrılıqda təcrid edilmiş şəkildə kibertəhdidlərə, kiberinsidentlərə reaksiya verməməlidir. Prosesin ölkə səviyyəsində koordinasiyalı və sistemli şəkildə həyata keçirilməsi daha önəmlidir.
Müdafiə sənayesi də mühüm sahələrdən biridir və biz bilirik ki, artıq müdafiə sənayesi sadəcə fiziki alətlərdən, avadanlıqlardan ibarət deyil. Bu sahədə rəqəmsal texnologiyaların, proqram təminatının, süni intellektin və avtomatlaşdırmanın rolu getdikcə artır. Bu inkişaf yeni imkanlarla yanaşı, yeni risklər və asılılıqlar da formalaşdırır. Bu baxımdan təchizat zəncirinin təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır. Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından, komponentlərdən, xarici xidmətlərdən və təchizatçılardan asılıdır. Buna görə risklərə yalnız ayrıca sistem və ya qurum səviyyəsində deyil, bütöv ekosistem üzrə yanaşmaq vacibdir. Koordinasiyalı bir mübarizənin, əməkdaşlığın edilməsi sadəcə nəzəri çıxışlar, seminarlar əsasında olmamalıdır. Operativ məlumat mübadiləsi, insidentlərə koordinasiyalı cavab və praktiki əməkdaşlıq bu prosesin əsas hissəsi olmalıdır. Biz unutmamalıyıq ki, heç bir texnoloji sistem, heç bir innovasiya insan resursu olmadan effektivliyə çata bilməz. Ölkədə kibertəhlükəsizlik sahəsində kadrların hazırlanması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilməkdədir.
Kibertəhlükəsizlik sadəcə fraqmental, təcrid olunmuş şəkildə ələ alınan məsələ deyil. Burada koordinasiyalı fəaliyyət, təhlükələrin vaxtında aşkarlanması, insidentlərə operativ reaksiya və kiber risklərin öncədən müəyyən edilməsi xüsusi əhəmiyyət daşıyır".