Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO
Bakı, 2 oktyabr, AZƏRTAC
Hazırda quru, su, hava və kosmik məkanla bərabər kiberməkan da döyüş məkanlarından biridir. Həmin sahədə APT qrupların kiberkəşfiyyat əməliyyatları, müxtəlif kritik infrastrukturlara hücumlar həyata keçirilir. Müasir dövrdə süni intellektin inkişafı ilə paralel kvant dövrünə artıq hazırlaşmalıyıq. Kvant dövrünü qarşılamaq üçün biz post kvant kriptoqrafik alqoritmlərinə keçid etməliyik. Bunların hamısı bizi gözləyən təhdidlərdir və biz bunlara hazır olmalıyıq. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti olaraq, həmin sahədə fəaliyyətlərimizin daha da təkmilləşdirilməsi istiqamətində işlər görürük.
AZƏRTAC xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Nadir Novruzov Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin üçüncü günündə keçirilən “Müdafiə sahəsində kibertəhlükəsizlik” mövzusunda sektorial görüşdə çıxışı zamanı deyib.
"Müasir dövrdə müharibələr artıq ənənəvi deyil, hibrid formada aparılır. Hansısa bir sahədə olan əməliyyatlarla paralel olaraq kiberhücumlar da həyata keçirilir. İnformasiya sistemlərinin dayandırılması istiqamətində dos hücumları, paralel olaraq dezinformasiya hücumları edilir. Həmin istiqamətdə də daim mübarizə aparılmalıdır.
Hazırda Azərbaycanda sülh dövrü hökm sürür və hər hansısa bir hərbi əməliyyat yoxdur. Lakin kiberməkanda hücumlar hələ də davam etməkdədir və biz gündəlik olaraq bunu müşahidə edirik. Xüsusən də hərbi dövrdə, məsələn, 44 günlük müharibə ərəfəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən 3 mindən çox kiberhücum qeydə alınıb və bunların qarşısı alınıb.
Bu, digər hərbi əməliyyatlar dövründə də qeydə alınıb. Həm Tovuz əməliyyatları, həm Aprel döyüşlərində, həm sonradan antiterror əməliyyatları dövründə də həmin kiberhücumlar davam etməkdə idi. Hazırda da bu, dayanmadan davam edən bir prosedurdur. Əlbəttə ki, biz təkcə həmin hücumlara deyil, müasir dövrün tələblərinə də cavab verməliyik.
Müasir dövrün tələbləri süni intellekt texnologiyalarının inkişafı ilə daha da sürətlənib. Əgər biz müdafiəçilər süni intellektdən istifadə edərək öz işimizi qura biliriksə, hücumçular da bunu əlavə bir alətə çeviriblər. Əvvəllər böyük kiberhücumların həyata keçirilməsi üçün böyük qruplara ehtiyac var idisə, hazırlığı uzun müddət alırdısa, indi süni intellekt vasitəsilə bir nəfər qısa zamanda böyük nəticələr əldə edə biləcək kiberhücumlar həyata keçirə bilir.
Biz sabahın təhdidlərinə, dünənin alətləri ilə cavab verə bilmərik. Ona görə biz də özümüzü təkmilləşdirməliyik. Təkmilləşdirməyə gedən yol ilk növbədə bilik paylaşımından keçir və biz bunu yalnız əməkdaşlıq çərçivəsində edə bilərik", - deyə N.Novruzov qeyd edib.