Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO
Bakı, 2 oktyabr, AZƏRTAC
CAMCA Regional Forumu çərçivəsində iştirakçılar Azərbaycanda son illərdə baş verən dəyişiklikləri, ölkənin inkişaf dinamikasını və regionda artan rolunu yaxından müşahidə etmək imkanı əldə edirlər. Panel müzakirələrində Azərbaycanın əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi layihələr və regional əməkdaşlığın inkişafına verdiyi töhfələr xüsusi vurğulanır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı CAMCA Regional Forumunun Təşkilat Komitəsinin rəhbəri Sərxan Həşimov bildirib.
Onun sözlərinə görə, forum çərçivəsində aparılan müzakirələrdə Azərbaycanda reallaşdırılan nəqliyyat dəhlizləri, eləcə də rəqəmsal və fiziki bağlantı layihələri diqqət mərkəzində olub.
“Azərbaycan CAMCA Forumuna ikinci dəfə ev sahibliyi edir. İlk dəfə forum 2018-ci ildə ADA Universitetində təşkil olunmuşdu. Bu il isə tədbirin formatı daha da genişləndirilib. İqtisadi məsələlərlə yanaşı, siyasət, geosiyasət, regional əməkdaşlıq və digər aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparılır”, – deyə S.Həşimov qeyd edib.
O bildirib ki, xarici şirkətlərin Azərbaycana marağının artması, ölkənin investisiya imkanlarına diqqətin güclənməsi forum çərçivəsində müşahidə olunan əsas məqamlardandır. S.Həşimov əlavə edib ki, forum çərçivəsində iki gün ərzində sərgi də təşkil olunub: “Sərgidə iri şirkətlərlə yanaşı, kiçik və orta biznes subyektləri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən yerli sahibkarlar öz məhsul və xidmətlərini təqdim etmək imkanı əldə ediblər”.