ADU-nun Konfutsi İnstitutu növbəti dəfə qlobal videomüsabiqənin qalibi olub
Bakı, 2 oktyabr, AZƏRTAC
Çində Beynəlxalq Çin Dili Təhsili Fondu tərəfindən təşkil edilən və Beynəlxalq Çin Dili Gününə həsr olunmuş illik "Ən yaxşı Konfutsi İnstitutu" qlobal videomüsabiqəsi başa çatıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutundan bildirilib. Qeyd olunub ki, "Hekayələrimizi Çin dilində paylaşırıq" devizi altında keçirilən müsabiqəyə 77 ölkədəki 141 Konfutsi İnstitutundan 600 iştirakçı qatılıb. 148 iştirakçı mükafatlandırılıb və 36 Konfutsi İnstitutu "Ən yaxşı Konfutsi İnstitutu" mükafatını alıb. İştirakçılar Çin dilində çəkdikləri videoları, ölkələrinin mədəni irsini, inkişaf tarixini, tədbirlərin və Çin dili dərslərinin əsas məqamlarını, eləcə də Konfutsi İnstitutunda "Çin dili + peşə", "Çin dili + texnologiya" kimi innovativ layihələri paylaşıb.
ADU-nun Konfutsi İnstitutu növbəti dəfə "Ən yaxşı Konfutsi İnstitutu" seçilib. İnstitutun direktoru Rafiq Abbasov bildirib ki, müsabiqəyə göndərilən 10 əsərdən 3-ü ("Salam Konfutsi İnstitutu: Çin dilini öyrənənin etirafı", "Çin dilindən millətlər arasında mədəni körpü kimi istifadə" və "Çin dili ilə tanışlıq dünya ilə tanışlıqdır") münsiflər heyətinin rəğbətini qazanaraq qalib olub. Bu yüksək mükafat institutun Çin dilinin tədrisinə yaradıcı yanaşmasının bəhrəsi olmaqla yanaşı, onun beynəlxalq nüfuzunu daha da artırır.