Davud Rüstəmov: Yeni texnologiyalar kibertəhdidlərin xarakterini dəyişir
Bakı, 2 oktyabr, AZƏRTAC
Bir müddət əvvəl tədbirlərdən birində 3D printerlərin müəyyən təhlükələr yarada biləcəyi barədə fikrimi bildirmişdim. Zalda bunu təəccüblə qarşılayan və gülümsəyənlər də oldu. Çünki o zaman 3D printerlərin hansı təhlükələrə səbəb ola biləcəyi hər kəs üçün aydın deyildi. Bu gün isə 3D printerlər artıq orta məktəblərdə belə istifadə olunur. Dünyanın müxtəlif ölkələrində 3D printerlərdən istifadə etməklə hazırlanmış silahların cinayət törədilməsində tətbiqi ilə bağlı faktlar da qeydə alınıb. Yaponiyada, İngiltərədə və digər ölkələrdə belə silahlardan istifadə edilməklə cinayətlərin törədilməsi bu riskin nəzəri xarakter daşımadığını göstərir
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəisi general-mayor Davud Rüstəmov “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin üçüncü günündə keçirilən “Müdafiə sahəsində kibertəhlükəsizlik” adlı sektorial görüş çərçivəsində təşkil olunan sual-cavab sessiyasında çıxışı zamanı deyib.
Davud Rüstəmov bildirib ki, süni intellektəsaslı yeni texnologiyaların əlçatanlığının artması onların cinayət məqsədləri ilə istifadəsi riskini də artırır: “Cinayətlərin araşdırılması zamanı hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi, sübutların toplanması və cinayət təqibinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsidir. Lakin gələcəkdə müəyyən cinayətlərin törədilməsində süni intellektdən hansı səviyyədə və formada istifadə edildiyini müəyyənləşdirmək daha mürəkkəb məsələ ola bilər. Süni intellektin imkanlarının sürətlə genişlənməsi bizi ciddi şəkildə düşündürən məsələlərdəndir. Əvvəllər kibertəhdidlərdən danışarkən əsas diqqətimizi yüksək imkanlara malik kibertəhdid aktorlarına, o cümlədən APT qruplarına yönəldirdiksə, hazırda bu texnologiyaların daha geniş istifadəçi dairəsi üçün əlçatan olması yeni risklər yaradır. Kibertəhlükəsizliklə bağlı hadisələrin araşdırılması zamanı hər bir yanlış istiqamət hüquq-mühafizə orqanları üçün əlavə vaxt və resurs itkisinə, eyni zamanda, təhdid aktorunun fəaliyyətini davam etdirməsinə imkan yarada bilər. Təhlükəsizlik məhdudiyyətləri aradan qaldırılmış və zərərli məqsədlərlə istifadəyə imkan verən süni intellekt modellərinin internetdə geniş yayılması da diqqətdən kənarda qalmamalıdır. Monitorinqlər zamanı bu cür resursların və imkanların kifayət qədər əlçatan olduğunu müşahidə edirik. Hesab edirəm ki, bu məsələ yeni yaranan təhdidlərin qiymətləndirilməsi və onların qarşısının alınması baxımından ciddi diqqət tələb edir”, - deyə general-mayor Davud Rüstəmov qeyd edib.