Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib
Astana, 2 oktyabr, AZƏRTAC
Aktau şəhərində iki ölkənin ekspertlərini, diplomatlarını, ictimai xadimlərini və akademik dairələrinin nümayəndələrini bir araya gətirən “Xəzər makroregionu: Azərbaycan və Qazaxıstanın siyasi tərəfdaşlığının arxitekturası” mövzusunda Beynəlxalq Forum keçirilib.
Forum Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun dəstəyi ilə “Azərbaycan Mərkəzi” ictimai fondu tərəfindən təşkil olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, forumun açılışında Azərbaycanın Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlı, Yessenov Universitetinin rektor vəzifəsini icra edən Yermek Talantulı, “Azərbaycan Mərkəzi”nin direktoru İlkin Orucov, “Dostluq” etnomədəni birliyinin sədri Şəmsəddin Hüseynov və ekspert Eldar Cəfərov çıxış ediblər.
Tədbirin proqramı inteqrasiyanın hüquqi əsasları, nəqliyyat diplomatiyası və Orta Dəhliz, habelə Azərbaycan-Qazaxıstan əlaqələrinin möhkəmləndirilməsində diasporun və ictimai diplomatiyanın rolu mövzularına həsr olunmuş üç panel sessiyasından ibarət olub.
İştirakçılar Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində Orta Dəhlizin roluna, informasiya diplomatiyasına, ümumi tarixi-mədəni dəyərlərə, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərin institusional mexanizmlərinə xüsusi diqqət yetiriblər.
Açılış çərçivəsində iştirakçılar “Azərbaycan Mərkəzi”ni ziyarət ediblər. Burada onlara Mərkəzin əsas fəaliyyət istiqamətləri təqdim olunub. Bakı Dövlət Universiteti ilə birgə həyata keçirilən “Beynəlxalq münasibətlər” ixtisası üzrə ikili diplom proqramının ilk məzun tələbələri barədə də ayrıca qeyd olunub.