Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər
Bakı, 2 oktyabr, AZƏRTAC
Oktyabrın 2-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Seysmik izolyasiya və enerji dissipasiyası tətbiqlərində son nailiyyətlər” (SIED2026) mövzusunda beynəlxalq vörkşop keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanla yanaşı, Türkiyə, Yaponiya, İtaliya və Böyük Britaniyadan tanınmış alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə zəlzələ mühəndisliyi sahəsində son elmi yeniliklər, müasir seysmik mühafizə texnologiyaları və onların praktik tətbiqi imkanları müzakirə olunub.
Vörkşopda dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş nüfuzlu alimlər iştirak ediblər. Onların sırasında Türkiyənin Boğaziçi Universitetindən professor Mustafa Erdik, Böyük Britaniyanın Bristol Universitetindən professor Anastasios Sextos, İtaliyanın Sapienza Roma Universitetindən professor Paolo Clemente, Yaponiyanın Tokio Elmi İnstitutunun ali təhsil müəssisəsindən professorlar Akira Vada və Toru Takeuchi, Türkiyənin MEF Universitetindən Bahadır Şadan, həmçinin Cüneyt Tüzün yer alıblar.
Tədbirdə seysmik izolyasiya sistemlərinin tətbiq sahələrinin genişləndirilməsi, hündürmərtəbəli binaların zəlzələyə davamlı layihələndirilməsi, seysmik təsirlərin hesablanması, enerji dissipasiyası texnologiyaları, mədəni irs obyektlərinin zəlzələdən qorunması və müasir mühəndislik yanaşmaları ətrafında elmi müzakirələr aparılıb.
AzMİU rektorunun müşaviri, Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin direktoru, professor Azər Qasımzadə “Seysmik izolyasiyanın tətbiq sahələrinin və effektivlik sərhədlərinin genişləndirilməsi: seysmik mühafizədən dayanıqlılığa doğru” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə müasir zəlzələ mühəndisliyində yalnız insan həyatının qorunması ilə kifayətlənməyən, zəlzələdən sonra binaların funksionallığının saxlanılmasını və qısa müddətdə bərpasını da nəzərdə tutan yeni yanaşmaların əhəmiyyətindən bəhs olunub.
Vörkşopun diqqətçəkən elmi təqdimatlarından biri də professor Azər Qasımzadənin ixtirası olan Struktur Seysmik İzolyasiya Metodu (Structural Seismic Isolation Method – SSIM) ilə bağlı olub. Yeni metod zəlzələ zamanı konstruksiyaların dayanıqlılığının artırılmasına, tikililərin zədələnmə riskinin azaldılmasına və zəlzələdən sonra onların funksionallığının qorunmasına yönəlib.
Beynəlxalq tədbir çərçivəsində seysmik mühafizə texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin və mütəxəssislərin təqdimatları da dinlənilib, müxtəlif ölkələrdə tətbiq olunan qabaqcıl mühəndislik həlləri ətrafında fikir mübadiləsi aparılıb.