Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH
Bakı, 2 oktyabr, AZƏRTAC
Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər və beynəlxalq ticarət marşrutlarının yenidən formalaşması Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın prioritet istiqamətlərinə də təsir göstərir. Xüsusilə nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, regional bağlantıların gücləndirilməsi və yeni iqtisadi tərəfdaşlıqların qurulması qarşıdakı dövrdə iki ölkənin əməkdaşlığında mühüm yer tuta bilər.
Bunu AZƏRTAC-a açıqlamasında türk siyasi ekspert Mustafa Söyüt deyib.
Ekspert bildirib ki, qlobal ticarətdə alternativ marşrutlara və etibarlı təchizat zəncirlərinə artan ehtiyac Azərbaycan və Türkiyənin yerləşdiyi coğrafiyanın əhəmiyyətini daha da artırır.
“Bu baxımdan iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi yalnız ikitərəfli iqtisadi əlaqələr baxımından deyil, bütövlükdə regionun iqtisadi inkişafı baxımından əhəmiyyətlidir. Orta Dəhlizin inkişafı Azərbaycan və Türkiyə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri kimi çıxış edə bilər. Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya, Türkiyə isə Avropa bazarlarına çıxış imkanları ilə bu marşrutun mühüm həlqələrini təşkil edir. Azərbaycan və Türkiyə arasında nəqliyyat əlaqələrinin inkişafı iki ölkə arasında ticarətin artmasına imkan verməklə yanaşı, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında iqtisadi əlaqələrin genişlənməsinə də xidmət edə bilər. Bu baxımdan regional nəqliyyat layihələri yalnız bir marşrut deyil, daha geniş iqtisadi əməkdaşlıq platforması kimi qiymətləndirilə bilər”, – deyə siyasi ekspert vurğulayıb.
O qeyd edib ki, Azərbaycan və Türkiyənin həyata keçirdiyi birgə layihələrin üçüncü ölkələr üçün yaratdığı imkanlar da diqqətəlayiqdir: “Nəqliyyat, enerji, logistika, sənaye və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın genişlənməsi müxtəlif ölkələrin bu layihələrə qoşulmasına və yeni ticarət əlaqələrinin yaranmasına şərait yarada bilər. Regional layihələrin inkişafı investisiyaların cəlb edilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Yeni logistika mərkəzlərinin, sənaye və istehsal müəssisələrinin, nəqliyyat infrastrukturu obyektlərinin yaradılması region ölkələri üçün əlavə iqtisadi imkanlar formalaşdıra bilər. Bu proses, eyni zamanda, sahibkarlıq əlaqələrinin genişlənməsinə və yeni əməkdaşlıq formatlarının yaranmasına zəmin yaradır”.
Ekspertin fikrincə, qlobal iqtisadi dəyişikliklər fonunda Azərbaycan və Türkiyə arasında əməkdaşlığın yalnız mövcud əlaqələrin qorunması ilə məhdudlaşmaması, yeni sahələri də əhatə etməsi vacibdir. Xüsusilə rəqəmsal iqtisadiyyat, yüksək texnologiyalar, yaşıl enerji, logistika və innovasiya sahələrində birgə təşəbbüslərin artırılması iki ölkənin iqtisadi potensialının daha səmərəli şəkildə reallaşdırılmasına imkan verə bilər.
“Azərbaycan və Türkiyənin iqtisadi və nəqliyyat imkanlarının əlaqələndirilməsi regionda daha geniş əməkdaşlıq mühiti formalaşdırır. Birgə layihələr üçüncü ölkələrin də bu prosesə cəlb olunmasına şərait yaratdıqda, Azərbaycan-Türkiyə tərəfdaşlığı regional ticarət əlaqələrinin şaxələndirilməsinə və yeni iqtisadi imkanların yaranmasına əlavə təkan verə bilər”, – deyə Mustafa Söyüt əlavə edib.