Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ
Bakı, 2 oktyabr, AZƏRTAC
AZƏRTAC xaricdə yaşayan və çalışan azərbaycanlı həmvətənlərimizlə silsilə söhbətləri davam etdirir. Budəfəki müsahibimiz Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Doll Prague” müəllif kuklasının beynəlxalq sərgisinin direktor müavini, beynəlxalq sərgilərin iştirakçısı, kuklaçı rəssam Vəfa Aşumovadır.
- Vəfa xanım, siz Çexiyada yaşayıb, fəaliyyət göstərirsiniz. Bakıya tez-tez gəlirsinizmi? Burada həmvətənlərinizlə əməkdaşlıq edirsinizmi?
- Artıq 17 ildir Çexiyada yaşayıram, amma Bakıya hər il gəlməyə çalışıram. Bu səfərlər mənim üçün həmişə xüsusi əhəmiyyət daşıyır. İlk növbədə, anam, bacım, mənə yaxın insanlar, qohumlarım və dostlarımla görüşürəm. Bakı mənim doğma şəhərim olaraq qalır. Uşaqlığım və gəncliyim burada keçib, köklərim, xatirələrim və mənim çox mühüm bir hissəm buradadır.
Bununla yanaşı, bu illər ərzində Çexiya da mənim üçün ikinci doğma evə çevrilib. Ailəm, işim buradadır. Burada yeni dostlar qazandım, müəllif kuklası sənətini kəşf etdim, rəssam və usta kimi özümü tapdım, zaman keçdikcə təşkilatçılıq fəaliyyətinə də başladım və Avropanın ən böyük beynəlxalq “Doll Prague” sərgisinin təşkilatçılarından birinə çevrildim.

Əlbəttə, Azərbaycan kuklaçılarını tanıyır və onlarla əlaqə saxlamağa çalışıram. Üstəlik, bu sənətlə tanışlığımın özü də Azərbaycanla bağlıdır. Vaxtilə mənə müəllif kuklası haqqında danışan və əslində bu dünyanı mənim üçün kəşf edən Pərviz Hüseynov olub. Məhz o, məni Praqada keçirilən kukla sərgisinə yönləndirdi. Sərgiyə tamaşaçı kimi getdim, tamamilə qeyri-adi bir dünya gördüm və düşündüm: “Mən də belə istəyirəm. Mən də kuklalar yaratmaq istəyirəm”. Beləcə, hər şey başladı – təhsil, ustad dərsləri, ilk işlər, müsabiqələrdə və sərgilərdə iştirak, daha sonra isə indiki fəaliyyətim.
Artıq uzun illərdir Tamilla Qurbanova ilə çox səmimi münasibətlərimiz var. Biz yalnız yazışaraq ünsiyyət saxlamışıq. Şəxsən görüşməsək də, onun dəstəyini həmişə hiss etmişəm. Bu yaxınlarda Bakıya səfərim zamanı nəhayət görüşdük. Elə bir hiss yarandı ki, sanki bir-birimizi uzun illərdir tanıyırıq, ünsiyyətimiz dərhal rahat və təbii alındı.
Son səfərim zamanı Leyla Xəzrinin qalereyasına da baş çəkdim. Sentyabrın əvvəlində burada türk dövlətlərindən olan kuklaçı rəssamların sərgisi açılmışdı. Əsərlərə baxdım, yeni adlarla tanış oldum. Bu, mənim üçün çox maraqlı və vacibdir. Çünki istəyirəm ki, azərbaycanlı kuklaçı rəssamları beynəlxalq səhnədə daha çox tanınsınlar. Hazırda müəllif kuklası sərgisinə gələn avropalı tamaşaçı Azərbaycan haqqında yalnız mənim vasitəmlə məlumat əldə edir. Mən isə istəyərdim ki, bizim sayımız daha çox olsun. Bizim danışacaq çox sözümüz var.

- Müəllif kuklası sənətinə bu gün nə dərəcədə tələbat var?
- Əlbəttə, müəllif kuklası sənəti hələlik, məsələn, rəssamlıq qədər populyar və kütləvi deyil. Avropada bu sənət daha geniş tanınır. Bəzi ölkələrdə kukla sənətinin dərin mədəni ənənələri var. Məsələn, Çexiyada marionet sənəti geniş yayılıb, Almaniya, Niderland və digər Avropa ölkələrində də özünəməxsus ənənələr mövcuddur. Lakin hətta burada da bəzən elə insanlar olur ki, kuklaçı rəssamların əsərlərini ilk dəfə görəndə buna səmimi təəccüblənirlər. Onlar sadəcə olaraq bilmirdilər ki, kukla müstəqil sənət obyekti ola bilər.
Bununla belə, müəllif kuklaları öz kolleksiyaçılarını tapır və tamaşaçılarda böyük maraq doğurur. Elə olur ki, insan sərgiyə gəlir, əsərə heyran qalır, ona hər tərəfdən baxır, emosional reaksiya verir, amma təbii ki, onu hər kəs ala bilmir. Bu da təbiidir. Müəllif kuklası böyük zəhmət tələb edən əl əməyinin nəticəsidir və çox vaxt məhz kolleksiya üçün sənət əsəri kimi hazırlanır.

Azərbaycanda vəziyyət bir qədər fərqlidir. Mədəni və dini ənənələr səbəbindən kukla tarixən sənət obyekti kimi Avropadakı qədər mühüm yer tutmayıb. Buna görə də bu gün də bir çox insan üçün müəllif kuklası tamamilə yeni və qeyri-adi bir anlayışdır.
Mənə elə gəlir ki, burada sərgilərin maarifləndirici rolu çox vacibdir. İnsanları bu sənətlə tanış etmək, kuklanın sadəcə oyuncaq və ya dekorativ əşya deyil, ideyanın, obrazın, hekayənin, xarakterin və müəllif baxışının əks olunduğu bütöv bir sənət əsəri ola biləcəyini göstərmək lazımdır.
Bunun ən yaxşı yolu isə insanlara belə əsərləri canlı görmək imkanı yaratmaqdır. Çünki bəzən yaxşı hazırlanmış müəllif kuklasını bir dəfə görmək kifayətdir ki, bu kiçik obrazın arxasında böyük bir dünyanın dayandığını anlayasan.

- Siz “Doll Prague” müəllif kuklasının beynəlxalq sərgisinin direktor müavinisiniz. Bu fəaliyyətə necə başladınız? Bu iş nə dərəcədə çətindir?
- Yəqin ki, müəyyən mənada bu, xarakterimlə bağlıdır. Mən sülhsevər insanam, empatiyam güclüdür, insanları sevirəm və çox vaxt özümü qarşımdakı insanın yerinə qoymağa çalışıram. Düşünürəm ki, rəssamlarla işləyərkən bu, çox kömək edir.
Bundan əlavə, çex, ingilis, rus dillərində danışıram, bir qədər də türk dilini bilirəm. Buna görə də xarici iştirakçılarla ünsiyyət qurmaq mənim üçün asandır. Əvvəllər sərginin iştirakçıları ilə təşkilatçılar arasında bir növ əlaqələndirici rolunu oynayırdım, müxtəlif məsələlərin həllinə kömək edir, tərcümə edir, izah edirdim. Tədricən rolum genişləndi və zaman keçdikcə sərginin meneceri, direktorun əsas köməkçisi oldum.

Əlbəttə, bu iş asan deyil. Əvvəla, vaxt baxımından çətindir. Mənim əsas işim də var və bütün bunları bir araya gətirməli oluram. Bundan başqa, böyük məsuliyyət tələb edir. İnsanlarla işləmək ümumiyyətlə asan deyil, rəssamlarla işləmək isə bəzən ikiqat çətin olur. Hər birinin öz xarakteri, gözləntiləri və hər şeyin necə baş verməli olduğuna dair öz təsəvvürü var.
Təbii ki, hər şey həmişə asan və pozitiv olmur. Çətin vəziyyətlər, anlaşılmazlıqlar, bəzən kifayət qədər mənfi məqamlar da yaranır. Amma mən bunları sakit şəkildə həll etməyə və pis məqamların üzərində dayanmamağa çalışıram. Mənim üçün pozitiv baş verənləri – görüşləri, ünsiyyəti, keçirdiyim hissləri, dəstəyi və iştirakçıların minnətdarlığını xatırlamaq daha vacibdir.
Yəqin ki, mənə ən çox güc verən də məhz budur. Bu illər ərzində dünyanın müxtəlif yerlərində böyük dost çevrəm yaranıb və onların bir çoxu mənə yaxın insanlara çevrilib. Sənət sayəsində dünyanın müxtəlif ölkələrində sənə ruhən yaxın olan insanlarla dostlaşdığını görmək nə qədər gözəl hiss olduğunu sözlə ifadə etmək çətindir. Bu, insana həyatının mənasını hiss etdirir.

- Siz Azərbaycan üslubunda kuklalar da hazırlayırsınız. Xarici tamaşaçılar onları necə qarşılayırlar?
- Birmənalı şəkildə deyə bilərəm ki, onlarda maraq, hətta heyranlıq doğurur. Avropalı tamaşaçılar üçün belə kuklalar həqiqətən qeyri-adidir. Şərq geyimləri, səciyyəvi detallar, bəzəklər, rənglər və obrazlar həmişə maraq doğurur, insanlarda suallar yaradır.
Sərgilərdə tamaşaçılar çox vaxt bu kuklaların qarşısında dayanır, onlara uzun-uzadı baxır, şəkillərini çəkirlər. Bir çoxları Şərq nağıllarını xatırlayırlar. Kukla vasitəsilə tamaşaçılara Azərbaycan mədəniyyəti, onun gözəlliyi və obrazlılığı ilə tanış etmək imkanını çox sevirəm. Yəqin ki, elə buna görə mənim Şərq mövzusunda hazırladığım kuklalar yalnız adi gözəl personaj kimi maraq doğurmur, insanlarda kuklanın aid olduğu mədəniyyət haqqında daha çox öyrənmək həvəsi yaradır. Mənim üçün isə ən dəyərli məqam budur ki, sənət mədəniyyətlər arasında kiçik bir körpüyə çevrilir.

Bəlkə də Azərbaycan köklərim ən çox məhz yaradıcılığımda özünü göstərir. Şərq mövzusunda kuklalar yaratmağı, obrazlara, ənənələrə, mədəniyyətə və geyimlərə müraciət etməyi çox sevirəm. Sənətlə nə qədər çox məşğul oluramsa, öz köklərimə qayıtmağın mənim üçün bir o qədər təbii olduğunu anlayıram. Bu, hər zaman konkret milli geyimin və ya obrazın birbaşa təsviri demək deyil. Çox vaxt bu, əhval-ruhiyyə, obraz, forma, detal, rəng, hansısa hekayə və ya xarakter olur. Uşaqlıqdan mənimsədiyim məqamları başqa bir mədəni mühitdə yaşayaraq yenidən dərk etmək mənə maraqlıdır.

- Bəs xarakterinizdə sırf azərbaycanlılara xas olduğunu düşündüyünüz və həyatda, yaradıcılığınızda sizə kömək edən hansısa xüsusiyyət varmı?
- Bilmirəm, bunu məhz azərbaycanlılara xas xüsusiyyət adlandırmaq olarmı. Amma əminliklə deyə bilərəm ki, bu, mənim şəxsi xüsusiyyətimdir: yarımçıq işi kiməsə göstərməyi qətiyyən sevmirəm. Ümumiyyətlə, layihə üzərində iş hələ davam edərkən onun haqqında əvvəlcədən danışmağı da xoşlamıram. Yəqin ki, əvvəlcə işi görüb, sonra nəticəni göstərməyə üstünlük verən insanlardanam.

İnsanlarla işləyərkən isə tərbiyəm mənə çox kömək edir – Şərq etiketi, böyüklərə, həmsöhbətə, başqasının əməyinə və fikrinə hörmət. Mənim üçün insanı narahat vəziyyətə salmamaq, fikirlərimiz üst-üstə düşməsə belə, onu dinləmək çox vacibdir. Əlbəttə, mümkün olan həddə.
Mənə elə gəlir ki, beynəlxalq fəaliyyətdə bu, xüsusilə vacibdir. Biz hamımız fərqliyik, müxtəlif mədəniyyətlərimiz, vərdişlərimiz, xarakterlərimiz və ünsiyyət tərzimiz var. Bəzən məhz hörmət və nəzakət yaranmış vəziyyəti həll etməyə kömək edir.
Yəqin ki, bu da Azərbaycandan özümlə gətirdiyim və Çexiyada uzun illər yaşadıqdan sonra belə məndə öz təsirini davam etdirən xüsusiyyətlərdəndir.

Müəllif – Anara Axundova