Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir
Bakı, 2 oktyabr, AZƏRTAC
Sabah, turnirin son günündə çalışacağam ki, ölkəmizə medal qazandırım.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında azərbaycanlı üzgüçü Fatimə Alkərəmova 400 metr məsafəyə kompleks üzgüçülük yarışında yeddinci olduqdan sonra deyib.
Yarışın ilk günündə 100 metr məsafəyə kompleks üzgüçülükdə Azərbaycan rekordunu yeniləyən idmançı turnirin son günündə daha yaxşı nəticə göstərməyə çalışacağını vurğulayıb: “Dünən uzun illərdən sonra 100 metr kompleks üzgüçülükdə Azərbaycan rekordunu qırdım və öz rekordumu yenilədim. Çalışırıq ki, daha yaxşı nəticələr göstərək. Çünki bizi bu qədər azərbaycanlı azarkeş gəlib dəstəkləyir. Hələlik bütün nəticələrimiz ölkə rekordu ilə qeydə alınır”.
Təmsilçimiz qarşıdakı mübarizəyə toxunaraq bildirib: “Sabah mənim üçün əsas finallardan biri - 200 metr arxası üstə və 200 metr kompleks üzgüçülük olacaq. 200 metr arxası üstə üzgüçülükdə medal uğrunda mübarizə aparmağa çalışacağam. Şansım çoxdur”.
İdmançı, həmçinin turnirin ümumi səviyyəsi haqqında da danışaraq qeyd edib: “Yarış çox güclü keçir. Bundan əvvəl Dünya Kubokunda beşinci olmuşdum, hazırda isə səkkizinci pillədəyəm”.
Üzgüçümüz gələcək planlarından danışarkən əlavə edib ki, Dünya Kubokunun Özbəkistanda təşkil olunacaq ikinci mərhələsində Azərbaycanı təmsil edən yeganə üzgüçü olacaq. O, həmin yarışda da ölkəmizi layiqincə təmsil etməyə çalışacağını bildirib.