AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları ADA Universiteti və Bolonya Universitetinin birgə təşkil etdiyi “Next-Gen Microbial Fermentation: Advancing Sustainable Agriculture and Healthy Food” (“Yeni nəsil mikrobial fermentasiya: Dayanıqlı kənd təsərrüfatı və sağlam qidanın inkişafı”) adlı beynəlxalq sertifikat proqramında iştirak ediblər.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda nəzəri, daha sonra onlayn və İtaliyada praktiki mərhələlər olmaqla üç moduldan ibarət proqramda AQTA-nın Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdir müavini, Bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin tənzimlənməsi sektorunun müdiri Cavidan Quliyev, Bitki sağlamlığı üzrə risklərin və böhran vəziyyətlərinin idarə edilməsi sektorunun müdiri Vəfa Rüstəmova və Lənkəran-Astara regional bölməsinin rəisi İrfan İsgəndərov iştirak ediblər.
Proqram çərçivəsində iştirakçılar Bolonya Universitetinin laboratoriya və istixanalarında kənd təsərrüfatı mikrobiologiyası üzrə tədqiqatlarla tanış olub, üzvi və üzvi-mineral gübrələrin istehsalı proseslərini izləyiblər. Proqram çərçivəsində müvafiq qurum və müəssisələrin nümayəndələri ilə gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Təlim bitki sağlamlığı sahəsində müasir bioloji yanaşmaların və beynəlxalq təcrübənin öyrənilməsi, əldə olunan biliklərin AQTA-nın müvafiq tənzimləmə və nəzarət fəaliyyətlərində tətbiqi baxımından əhəmiyyətli olub.
Proqramı uğurla başa vuran iştirakçılara hər iki universitetin sertifikatları təqdim edilib.