Vəkillərə sertifikatlar verilib
Bakı, 2 oktyabr, AZƏRTAC
Avropa Şurası (AŞ) və Avropa İttifaqının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Birgə Proqramının üçüncü mərhələsi (PGG3) çərçivəsində icra olunan "Azərbaycanda mediasiyanın təşviqi" layihəsi üzrə "Vəkilin mediasiyada rolu" mövzusunda təlim keçirilib.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasından AZƏRTAC-a verilən məlumata görə, təlimdə açılış nitqi ilə çıxış edənlər - Avropa Şurasının Bakıdakı ofisinin layihə üzrə məsul şəxsi Vəfa Rövşənova və Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin baş məsləhətçisi Afaq İlqarlı təlimin vəkillərin praktiki fəaliyyətindəki rolundan danışıb və bu əməkdaşlığın beynəlxalq təcrübənin paylaşılması baxımından olduqca müsbət və səmərəli olduğunu qeyd ediblər.
Kollegiyanın Tədris Mərkəzinin direktoru Əmir Əliyev bildirib ki, vəkilin mediasiya prosesində iştirakı tərəflərin hüquqlarının təmin edilməsinə, onların mövqelərinin düzgün ifadə edilməsinə və qarşılıqlı razılığa nail olunmasına kömək edir. Vəkilin mediasiya sahəsində zəruri bilik və praktiki bacarıqlara malik olması mübahisələrin səmərəli həllinə və mediasiya institutuna etimadın artırılmasına xidmət edir.
Təlimçi qismində Vəkillər Kollegiyası və Mediasiya Şurasının üzvləri mübahisə, mübahisəyə səbəb olan faktorlar, mübahisənin mərhələləri, mübahisənin ənənəvi və alternativ həll yolları, milli qanunvericilikdə mediasiya, o cümlədən vəkillərin mediasiyada rolu, müştəriyə effektiv yardım, danışıqaparma strategiyası, dinləmə, emosiyaların idarəsi, maraqların uzlaşdırılması barədə çıxış ediblər.
İnteraktiv təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Təlimdə 28 vəkil iştirak edib.