Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH
Bakı, 2 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirdiyi fikirlər Azərbaycanın müasir iqtisadi inkişaf modelini, investisiya imkanlarını və regionda formalaşan yeni reallıqlar fonunda artan strateji rolunu aydın şəkildə ortaya qoyur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı Aygün Abdulova söyləyib.
O bildirib ki, dövlətimizin başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın uzunmüddətli və dayanıqlı iqtisadi inkişaf üçün formalaşdırdığı möhkəm bazadır. Son illərdə həyata keçirilən ardıcıl iqtisadi siyasət, yaradılmış müasir infrastruktur, maliyyə dayanıqlığı və əlverişli investisiya mühiti ölkəmizin beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi mövqeyini gücləndirib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb olunub və bunun yarısını birbaşa xarici investisiyalar təşkil edir.
İqtisadçı qeyd edib ki, Prezidentin çıxışında gələcək iqtisadi inkişafın əsas istiqamətlərinin də dəqiq müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bərpaolunan enerji, logistika və nəqliyyat, rəqəmsal infrastruktur, süni intellekt, insan kapitalı və qeyri-neft sektorunun inkişafı Azərbaycanın iqtisadiyyatının növbəti mərhələdə əsas hərəkətverici qüvvələri kimi çıxış edəcək. Azərbaycanın üstünlüklərindən biri də onun mühüm geostrateji mövqeyidir. Qlobal təchizat zəncirlərinin yenidən formalaşdığı, alternativ nəqliyyat marşrutlarına tələbatın artdığı bir dövrdə ölkəmizin Şərqlə Qərb arasında etibarlı bağlantı rolunun əhəmiyyəti daha da artır. Azərbaycanın dəmir yollarına, avtomobil yollarına, liman və digər nəqliyyat infrastrukturuna yatırdığı böyük sərmayələr bu gün ölkəmizin tranzit potensialının genişlənməsinə xidmət edir.
Aygün Abdulova nəzərə çatdırıb ki, dövlətimizin başçısının vurğuladığı siyasi və iqtisadi sabitlik amili də investorlar üçün mühüm əhəmiyyət daşıyır. Güclü maliyyə sistemi, aşağı dövlət borcu, sabit milli valyuta, proqnozlaşdırılabilən iqtisadi mühit və uzunmüddətli tərəfdaşlıqlara sadiqlik Azərbaycanın investisiya cəlbediciliyini artıran əsas amillərdəndir. Digər mühüm istiqamət yaşıl enerji potensialıdır. Azərbaycanın, xüsusilə Xəzər dənizində böyük külək enerjisi imkanlarına malik olması, quruda Günəş və külək elektrik stansiyalarının yaradılması ölkənin enerji siyasətində yeni mərhələnin başlandığını göstərir. Bu siyasət Azərbaycanı ənənəvi enerji resurslarının etibarlı təchizatçısı olmaqla yanaşı, gələcəkdə yaşıl enerjinin istehsalı və ixracı baxımından da mühüm regional tərəfdaşa çevirə bilər. Prezident İlham Əliyevin rəqəmsal transformasiya və süni intellektlə bağlı səsləndirdiyi fikirlər isə Azərbaycanın inkişaf strategiyasının yalnız ənənəvi iqtisadi sahələrlə məhdudlaşmadığını göstərir. Rəqəmsal infrastrukturun genişləndirilməsi, data mərkəzlərinin yaradılması, fiber-optik bağlantıların inkişafı və ixtisaslı insan kapitalının formalaşdırılması ölkəmizin yeni texnoloji iqtisadiyyatda mövqeyinin gücləndirilməsinə hesablanıb.
“Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində verdiyi mesajlar göstərir ki, Azərbaycan qarşıdakı dövrdə iqtisadi şaxələndirməni sürətləndirmək, beynəlxalq kapital və texnologiyaları cəlb etmək, regional bağlantıları genişləndirmək və uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir. Cənubi Qafqazda yaranan yeni imkanlar isə Azərbaycanın həm regional iqtisadi əməkdaşlığın, həm də Avropa ilə Asiya arasında əlaqələrin mühüm mərkəzlərindən biri kimi rolunu daha da artırır”, - deyə iqtisadçı əlavə edib.