“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar
Bakı, 2 oktyabr, AZƏRTAC
Süni intellektin qərarvermə proseslərinə və gündəlik həyatımıza nüfuz etməsi nəticəsində 3-4 il əvvəllə müqayisədə tamamilə fərqli dünyada yaşayırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “PAŞA Holdinq”in Baş icraçı direktoru Cəlal Qasımov CAMCA Regional Forumunda deyib.
“Biz baza təhsilimizin keyfiyyəti haqqında mübahisə edə bilərik. Lakin rəhbər şəxslər üçün təhsilin keyfiyyətinin arzuolunan səviyyədən aşağı olduğu şübhəsizdir. Təhsil dedikdə təkcə bakalavr və ya magistr proqramları kimi baza təhsilini deyil, həm də rəhbər şəxslər üçün nəzərdə tutulmuş təhsili – Executive Education proqramlarını nəzərdə tuturam”, – deyə C.Qasımov qeyd edib.
Onun sözlərinə görə, rəhbər şəxslər üçün təhsil xüsusilə vacibdir, çünki bu proqramlar qısamüddətli olur və sürətlə dəyişən dünyada yeni çağırışlara daha operativ uyğunlaşmağa imkan verir.
“Biz yeni bakalavr proqramları yaratmağa, sonra isə insanların universitetdə təhsil alması üçün 10 il gözləməyə vaxt ayıra bilmərik. Hər şey çox sürətlə dəyişir. Buna görə də düşünməliyik ki, rəhbər şəxslər üçün təhsilin keyfiyyətini necə artıra, ən yaxşı təcrübələri regiona necə gətirə və bu platformanı necə paylaşa bilərik”, – deyə o vurğulayıb.
C.Qasımov bildirib ki, hazırda region üçün əsas çağırış bilik çatışmazlığı deyil, mühakimə yürütmə qabiliyyətinin inkişaf etdirilməsidir: “Süni intellektdən geniş istifadə edildiyi bir şəraitdə insanlar onun təqdim etdiyi məlumatları düzgün qiymətləndirməyi, cavabların tam olub-olmadığını və digər amillərin nəzərə alınıb-alınmadığını müəyyənləşdirməyi bacarmalıdırlar. Hamımız süni intellektdən istifadə edirik. Bəzən insanların “ChatGPT belə deyir” və ya “Claude belə deyir” ifadələrindən istifadə etdiyini eşidirəm. Problem ondadır ki, insanlar süni intellektin verdiyi cavabları mühakimə edə bilmirlər. Onlar cavabın tam olub-olmadığını, başqa hansı amillərin nəzərə alınmalı olduğunu qiymətləndirə bilmirlər. Nəticədə süni intellektin dediklərinə daha çox güvənməyə başlayırlar”.
Onun sözlərinə görə, süni intellekt insan kimi danışdığı üçün istifadəçidə onun ağıllı olduğu təəssüratı yarana bilər: “İnsan olaraq ağıllı olduğuna inandığımız şəxslərə etibar etməyimiz təbiidir. Süni intellektin də çoxlu cavabları olduğu üçün insanlar onun dediklərinə avtomatik olaraq inanmağa başlayırlar. Lakin bəzi hallarda öz mühakimə bacarığınızdan istifadə etdikdə ilk cavabın səhv olduğunu görə bilərsiniz. Doğru cavabı əldə etmək üçün öz təfəkkürünüzdən istifadə etməlisiniz”.
C.Qasımov hesab edir ki, region ölkələri təhsil və rəhbər şəxslər üçün təhsil istiqamətində əməkdaşlığı gücləndirməlidirlər: “Mənim üçün birinci və ən vacib sual budur: dünyanın bu hissəsində əhalinin mühakimə yürütmə bacarığını necə artıra bilərik?”.
“PAŞA Holdinq”in icraçı direktoru region üçün digər mühüm istiqamətin maliyyə inteqrasiyası olduğunu bildirib: “Düşünürəm ki, heç birimizdə – bəzi ölkələrdə müəyyən səviyyədə olsa da, arzuolunan səviyyədə inkişaf etmiş kapital bazarları yoxdur. Praktiki baxımdan təhsil yaxşı şeydir, amma bu, zaman ala bilər. Kapital bazarlarımızı necə inteqrasiya edə bilərik ki, emitentlər və şirkətlər daha böyük investor hovuzuna çıxış əldə etsinlər?”.
O qeyd edib ki, bu məsələ xüsusilə Azərbaycan üçün əhəmiyyətlidir: "Azərbaycan nisbətən kiçik ölkədir və bundan böyük fayda görə bilər. Eyni zamanda, investorlar müxtəlif fond birjalarında iştirakçı və ya broker kimi qeydiyyatdan keçmədən fərqli ölkələrin emitentlərinə birbaşa və asan çıxış əldə edə bilərlər”.
C.Qasımov vurğulayıb ki, maliyyə bazarlarının inkişafı və inteqrasiyası region iqtisadiyyatlarının böyüməsinə və ayrı-ayrı ölkələrin daxili bazarlarından daha geniş investor və kapital imkanlarından yararlanmasına şərait yarada bilər.
“Beləliklə, maliyyə bazarlarının inkişafı və ya inteqrasiyası iqtisadiyyatımızı böyütmək və regionumuzdakı hər hansı tək ölkənin təmin edə biləcəyindən daha böyük bir bazardan faydalanmaq üçün yaxşı bir irəliləyiş addımı olar”, – deyə o bildirib.
Foto - Nicat Haşımov