Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub
Bakı, 2 oktyabr, AZƏRTAC
Qarabağın bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərin sosial və tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi diqqət mərkəzində saxlanılır.
Bu barədə AZƏRTAC-a TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə Kəlbəcər rayonuna köçürülən sakinlərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, xəstəliklərin erkən aşkarlanması və tibbi xidmətlərin yerində göstərilməsi məqsədilə səyyar tibbi xidmət təşkil olunub.
Səyyar tibbi xidmətdə Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti iştirak edib. Müayinələr zamanı terapevt, pediatr, dermatoveneroloq, mama-ginekoloq tərəfindən rayonun ən yaşlı sakini olan 113 yaşlı qadın, 10 yaşadək 25 uşaq olmaqla, ümumilikdə 77 nəfərə zəruri tibbi xidmətlər göstərilib.