Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ
Bakı, 2 oktyabr, AZƏRTAC
Kolumbiyanın Narinyo departamentinin Pasto şəhərindən olan sənətkar Daniel de la Kruz Azərbaycanda “enchape en tamo” (tamo üzərində üzləmə) texnikası ilə hazırlanmış əl işlərini təqdim edir. AZƏRTAC-a müsahibəsində o, bu sənət növündən, istifadə etdiyi naxışların mənasından və gələcək yaradıcılığı üçün Bakıdan aparacağı ideyalardan danışıb.
-Özünüz haqqında danışardınız. Ölkənizi təmsil etmək sizin üçün nə deməkdir?
- Kolumbiyanın cənubunda yerləşən Narinyo departamentinin Pasto şəhərindən gəlmişəm. Sənətkar ailəsində doğulmuşam. Bütün həyatımızı bu işə həsr etmişik. Bu dəfə Azərbaycana buğda samanı ilə üzlənmiş əl işləri gətirmişəm.
-Bu texnika ilə tanış olmayanlar üçün izah edərdiniz: tamo nədir və bu materialın özəlliyi nədədir?
-Tamo arpa və ya buğdanın təbii lifidir. Biz arpa və ya buğdanın samanı ilə işləyir, ona müxtəlif rənglər vermək üçün boyayırıq. Sonra onları yarıb açır, kağız üzərinə yapışdıraraq hamar qatlar hazırlayırıq. Müxtəlif rəngli qatlar hazır olduqdan sonra kiçik neştər, xətkeş və əllərimizin məharəti ilə nazik liflər kəsirik. Daha sonra əl işlərimdə gördüyünüz kimi, bu lifləri yapışqan ilə bir-bir ağac səthinə əl ilə yapışdırırıq.
-Əl işlərinizdə istifadə etdiyiniz naxış və motivlər haradan qaynaqlanır? Onların xüsusi mənası varmı?
-Bəli, əlbəttə. Bütün əl işlərimiz dekorativ olmaqla yanaşı, zəngin rəmzi mənalar daşıyır. Bunlar bölgəmizdən, heyvanlarımızdan, faunamızdan və yerli xalqlarımızın mədəniyyətlərindən qaynaqlanır. Əl işlərimizdə qədim yerli xalqlarımızın necə ünsiyyət qurduğunu əks etdirən, yolları, dərələri, dağları, çayları və günəşin batmasını ifadə edən Kolumbdan əvvəlki dövrə aid təsvirlərə rast gəlmək olar.
Hazırladığımız əl işlərində müxtəlif texnikalarla yanaşı, hər bir sənətkarın qəlbindən gələn motivlər də öz əksini tapır.
-Bakıda sizi ilhamlandıran və gələcəkdə sənətinizdə əks etdirmək istədiyiniz nələrəsə rast gəlmisiniz?
-Biz sənətkarlar hər yeni təcrübədə və gördüyümüz hər bir məkanda düşüncəmizdə müxtəlif elementləri bir araya gətirməyə başlayırıq. Burada qala divarları, qədim küçələr kimi çox gözəl yerlər görmüşəm. Bakının müasir hissəsini müşahidə edərkən də gələcəkdə əks etdirə biləcəyim gözəl bir ideya yaranıb. Pastoda, Narinyoda və Kolumbiyada da müstəmləkə dövrünə aid çoxlu nümunələr var. Onlar bizi ilhamlandırır və biz bunları əl işlərimizdə əks etdiririk. Burada gördüklərim yaradıcılığıma böyük töhfə verəcək.
-Azərbaycan və Kolumbiyanın əl işləri arasında oxşarlıqlar görmüsünüzmü?
-Əlbəttə. Bir çox sənətkarın işlərini görmüşəm və onların toxuduqları nümunələrdə Kolumbiyanın təsvirlərinə bənzər çoxlu fiqurlar müşahidə etmişəm. Onların bu fiqurları əl ilə toxuduğunu və ya qabların, güldanların və amforaların üzərinə çəkdiyini görmüşəm. Bizim işlədiyimiz təsvirlərə çox bənzəyən fiqurlar var. Buna görə də əl işlərimiz bir-birinə çox oxşardır. Bu, çox gözəldir və mən bunu yüksək qiymətləndirirəm.
-Son olaraq soruşmaq istərdim: doğma diyarınızı təmsil etmək üçün yalnız bir əl işinizi seçməli olsaydınız, hansını seçərdiniz?
- Seçmək çətindir, çünki bütün əl işlərimdə sənət var və hamısı özündə bir məna daşıyır. Amma mənim üçün bölgəmi təmsil edə biləcəyim ən gözəl əl işi And kondorudur. O, ölkəmizin milli quşu olmaqla yanaşı, çox gözəl və ekzotikdir və yalnız Kolumbiyada yaşayır.
-Əl işlərinizi bizimlə bölüşdüyünüzə və Azərbaycanda təqdim etdiyinizə görə təşəkkür edirik.
-Mən də Bakı və Azərbaycan sakinlərinə təşəkkür edirəm, mənə qarşı çox mehriban oldunuz. Açığı, yenidən gəlmək, başqa bir sərgidə iştirak etmək və öz yaradıcılığımla burada öyrəndiklərimi birləşdirən əl işləri gətirmək istərdim. Çox sağ olun.
Müxbir- Ləman Məmmədova