Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir
Bakı, 2 oktyabr, AZƏRTAC
Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir. Universitetdə artıq uzun müddətdir fəaliyyət göstərən Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin yeni laboratoriyaları istifadəyə verilir və onların həm elmi-tədqiqat, həm də tədris və təcrübə baxımından böyük əhəmiyyəti var.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova yeni laboratoriyanın təqdimatı zamanı mediaya müsahibəsində deyib.
“Laboratoriya binaların, çox əhəmiyyətli qurğuların və obyektlərin zəlzələyə davamlılıq səviyyəsini ölçmək üçün yaradılıb. Laboratoriyanın tədris üçün də böyük əhəmiyyəti var. Tələbələrimiz, mühəndislərimiz burada öyrənəcəklər. Digər tərəfdən, elmi tədqiqatlar üçün də böyük əhəmiyyət daşıyır. Çünki gözəl avadanlıqla təchiz edilib və praktiki əhəmiyyəti böyükdür”, – deyə Gülçöhrə Məmmədova vurğulayıb. O qeyd edib ki, laboratoriyanın imkanları şəhərdəki hündür binaların, böyük qurğuların, o cümlədən dənizdə yerləşən qurğuların zəlzələyə davamlılıq vəziyyətini qiymətləndirməyə imkan verir.
“Faktiki olaraq şəhərimizdə olan bütün hündür binaların, böyük qurğuların, o cümlədən dənizdə olan qurğuların nə dərəcədə zəlzələyə davamlı olduğunu, konstruksiyalarının aşınıb-aşınmadığını, bugünkü vəziyyətinin necə olduğunu müəyyənləşdirməyə imkan verir. Bir sözlə, binaların zəlzələyə davamlılıq nöqteyi-nəzərindən diaqnostikasını verir”, – deyə rektor bildirib.
Gülçöhrə Məmmədova yeni laboratoriyanın yaradılmasını əhəmiyyətli iş kimi qiymətləndirib və layihənin bp şirkətinin dəstəyi ilə həyata keçirildiyini deyib: “Ümumiyyətlə, bp-nin təhsilə, elmə töhfələri, dəstəyi çox böyükdür və biz çox minnətdarıq ki, onlar diqqət yetirirlər bizim universitetə”, – deyə AzMİU-nun rektoru vurğulayıb.