Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
Bakı, 2 oktyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə “Azərbaycan” qəzetində və “Varlıq” jurnalında Səməd Vurğun yaradıcılığına dair” mövzusunda elmi seminar təşkil olunub.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Tədbirdə muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Əli Fərhadov eyniadlı məruzə ilə çıxış edib. Tarixçi-alim çıxışında Azərbaycan Prezidentinin “Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına uyğun olaraq, yubileyin ölkə miqyasında geniş qeyd edildiyini diqqətə çatdırıb. O, məruzəsində zamanı şairin həyat və yaradıcılığı haqqında məlumat verib. Həmçinin İranda nəşr edilmiş “Azərbaycan” qəzetinin (1947–1949) və “Varlıq” jurnalının (1979–2014) tarixi əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, həmin mətbuat orqanlarında Səməd Vurğunun çıxışları yer alıb. Qeyd olunan mətbuat nümunələrinin orijinal nüsxələri hazırda muzeydə qorunub saxlanılır.
Daha sonra Səməd Vurğunun “Vaqif” dramı əsasında şairin milli, dini fikirləri də tələbələrə izah edilib.
Seminar çərçivəsində nümayiş olunan slaydlarda muzeyin fondlarında şairə aid mühafizə edilən materiallar barədə geniş məlumat verilib.
Tədbirdə Bakı Slavyan Universitetinin Təhsil fakültəsinin xüsusi pedaqogika ixtisası üzrə təhsil alan I kurs tələbələri, muzeyin əməkdaşları iştirak ediblər. İştirakçılar mövzu ətrafında müzakirələr aparıb və muzeyin zəngin eksponatları ilə yaxından tanış olublar.