Bahar Muradova: İnsan kapitalının inkişafında fərdi məsuliyyət mühüm rol oynayır
Bakı, 2 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə reallaşan “Danışır təcrübə” layihəsi çərçivəsində növbəti görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Bakı Slavyan Universitetində keçirilən görüşün qonağı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova olub.
Bahar Muradova “Dövlət idarəçiliyində və cəmiyyətdə insan kapitalı: qanunvericilik, siyasət və fərdi məsuliyyət” mövzusunda çıxış edib.
Görüşdə dövlət idarəçiliyində insan kapitalının rolu, təhsilin şəxsi və peşəkar inkişafda əhəmiyyəti, ailə dəyərləri və müasir ailə modeli barədə fikir mübadiləsi aparılıb. Bahar Muradova təhsil və karyera yolundan, peşəkar fəaliyyətində qazandığı təcrübələrdən danışıb. Qeyd edib ki, insan kapitalının inkişafı yalnız qanunvericilik və dövlət siyasəti ilə deyil, eyni zamanda hər bir fərdin öz məsuliyyətini dərk etməsi, bilik və bacarıqlarını cəmiyyətin inkişafına yönəltməsi ilə mümkündür.
Görüşdə qadın və qızların təhsil almasının, ictimai həyatda və peşəkar fəaliyyətdə fəal iştirakının əhəmiyyətinə də toxunulub.
Fikir mübadiləsi formatında keçirilən görüşdə iştirakçıların sualları cavablandırılıb.
Qeyd olunub ki, “Danışır təcrübə” layihəsi çərçivəsində keçirilən görüşlər əməkdaşların davamlı inkişafına, liderlik və idarəetmə bacarıqlarının gücləndirilməsinə, müasir çağırışlara cavab verən peşəkar kadr potensialının formalaşdırılmasına xidmət edir.