AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində universitetin stendini ziyarət edib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, rektora sərgidə nümayiş etdirilən layihələr barədə məlumat verilib. Qeyd olunub ki, AzTU “ADEX 2026”da mühəndislik, robototexnika və müdafiə texnologiyaları sahələrində aparılan elmi-tədqiqatların nəticəsi olan 8 layihə ilə təmsil olunur.
Təqdim edilən layihələr müasir texnologiyaların elmi-tədqiqat proseslərinə tətbiqi, pilotsuz sistemlərin imkanlarının genişləndirilməsi və müxtəlif sahələr üzrə innovativ texnoloji həllərin hazırlanması istiqamətində aparılan işləri əhatə edir.
AzTU-nun sərgidə iştirakı universitetdə həyata keçirilən elmi-tədqiqat və innovasiya fəaliyyətlərinin, eləcə də mühəndislik və müdafiə texnologiyaları üzrə yeni layihələrin nümayişi baxımından əhəmiyyət daşıyır.